www.science.az
03.12.2013 00:00

UNESCO rəhbərliyi Azərbaycan aliminə razılıq məktubu göndərmişdir

Xəbər verdiyimiz kimi, orta əsrlərin görkəmli Azərbaycan musiqişünas alimi, bir çox əsərləri bu gün də aktuallığını itirməmiş Əbdülqadir Marağayinin “Məqasid ül-əlhan” əsərinin 600 illiyi dünyanın aparıcı təhsil, elm və mədəniyyət təşkilatı olan UNESCO xətti ilə 2014-cü ildə təntənə ilə qeyd ediləcəkdir. Lakin bu yubileyin tarixi UNESCO-nun İcra Şurasının bu il oktyabrın 25-də keçirilmiş toplantısında əsərin azərbaycanlı müəllifinin adı göstərilmədən İran İslam Respublikasının təklif etdiyi nominasiya kimi təsdiqlənmiş və yekun qərar verilməsi üçün iclasları noyabr ayında bir həftədən artıq davam edən Baş Konfransa göndərilmişdi. Əvvəlcədən nəzərdə tutulduğuna görə, həmin məsələ Baş Konfransda noyabrın 9-da təsdiqlənməli idi. Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynovun noyabr ayının 8-də UNESCO-nun Baş direktoru İrina Bokovaya məktubundan sonra bununla bağlı qərarın təsdiqi təxirə salınmış, müraciətdə göstərilən faktlar əsasında məsələyə yenidən baxılmışdır.

Rafael Hüseynov UNESCO rəhbərinə məktubunda ilk növbədə “Məqasid ül-əlhan” risaləsinin anonim əsər kimi göstərilməsinin yolverilməzliyini bildirmiş, həmin kitabın şifahi xalq yaradıcılığının məhsulu olmadığını, XV əsrin görkəmli Azərbaycan alimi Əbdülqadir Marağayinin qələmindən çıxdığını, bunun dünya elminə yaxşı məlum olduğunu diqqətə çatdırmışdır. Eyni zamanda Əbdülqadir Marağayinin mənşəcə azərbaycanlı olduğunu, bu əsərinə də ana dilində yazdığı şeirləri əlavə etdiyini göstərərək böyük klassiklə bağlı yubiley tədbirlərində Azərbaycanın rəsmən iştirakının zəruriliyini vurğulamışdır

UNESCO Baş Konfransının məsələ ilə əlaqədar azərbaycanlı alimin müraciətini nəzərə alaraq noyabrın 19-da müsbət qərar qəbul etməsi barədə AzərTAc artıq məlumat yaymışdır. Bu günlərdə isə Rafael Hüseynova UNESCO rəhbərliyindən məsələnin yekunları, təşkilatın müvafiq strukturlarının azərbaycanlı alimin iradları ilə razılaşdıqları və tənqidi qeydləri nəzərə aldıqları ilə bağlı məktub gəlmişdir. UNESCO Baş direktorunun mədəniyyət üzrə köməkçisi Françesko Bandarin imzaladığı məktubda deyilir: “Əziz professor Hüseynov! Sizin noyabrın 8-də göndərmiş olduğunuz və UNESCO tərəfindən 2014-2015-ci illərdə bayram ediləcək yubileylər sırasına İran İslam Respublikası tərəfindən 600 illiyinin keçirilməsi təklifi irəli sürülmüş “Məqasid ül-əlhan” əsərinə dair məktubunuzu aldığımızı Baş direktorun adından təsdiqləyirik. Sizin bu fikrinizə xüsusilə diqqət yetirdik ki, Əbdülqadir ibn Qeybi əl-hafiz Marağayi və onun əsərləri Mərkəzi Asiyanın bütün xalqlarına mənsubdur. Buna görə də hazırladığımız sənəddə etiraf edildi ki, “Məqasid ül-əlhan” əsəri yalnız İranla məhdudlaşa bilməz və digər qonşu xalqlara da aiddir. Bundan əlavə, Sizə belə bir xəbəri də çatdırmağa şadıq ki, UNESCO-nun yenicə başa çatmış Baş Konfransında qəbul edilmiş qətnamədə Azərbaycan və Türkiyənin də bu yubileylərə qatılacağı rəsmən təsdiqlənmişdir. UNESCO-nun yubileylərlə bağlı proqramına müvafiq olaraq üzv ölkələrin bu qəbil tədbirləri birgə keçirməsi beynəlxalq əməkdaşlıq və anlaşmaya yardımçı ola bilər. Ona görə də Sizin təklifinizi əsas götürərək digər maraqlanan ölkələri də cəlb etməklə, müştərək qeyd oluna biləcək silsilə yubileylər layihəsi tərtib etməyi düşünürük”.

AzərTAc-ın müxbiri ilə söhbətində professor Rafael Hüseynov 2014-2015-ci illərdə UNESCO-nun planlaşdırdığı yubileylər sırasına başqa ölkələrin təklifi ilə daxil edilmiş, Azərbaycanın da rəsmən qoşula biləcəyi başqa nominasiyaların da olduğunu bildirmişdir. O, bu məqamların yalnız mədəni deyil, həm də siyasi mahiyyət daşıdığını nəzərə alaraq diqqətli olmağımızın vacibliyini vurğulamışdır: “Söz yox ki, dünyanın UNESCO kimi mötəbər təhsil, elm və mədəniyyət təşkilatı tərəfindən rəsmən dəstəklənən və gerçəkləşən hər tədbir ilk növbədə təhsilə, elmə, mədəniyyətə aiddir, bu sahələrdəki nailiyyətlərin ifadəsidir. Lakin Birləşmiş Millətlər Təşkilatının mühüm bir qolu olan UNESCO xətti ilə həyata keçirilən hər tədbirdə həm də mütləq mənada siyasət var. Məsələn, 2013-cü ildə UNESCO Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyini öz yubileylər təqviminə salmışdır və bununla əlaqədar indi Fransanın müxtəlif şəhərlərində sərgilər açılır, konfranslar keçirilir, konsertlər təşkil edilir. Bu tədbirlərin hər biri ölkəmizi və xalqımızı daha artıq tanıtmaq, Vətənimizə rəğbəti artırmaq, siyasi, iqtisadi münasibətləri bir qədər də irəlilətmək üçün münasib körpülərdir.

UNESCO-nun belə tədbirlərinin mahiyyətində siyasətin dayandığını təsdiqləyən başqa bir dəlil. Əbdülqadir Marağayi ilə əlaqədar yol verilmiş xətanı tutandan və təşkilat tərəfindən ən ali səviyyədə bunun islah edilməsinə nail olandan sonra UNESCO-nun 2014-2015-ci illər üçün yubileylər siyahısını bir də diqqətlə nəzərdən keçirdim və digər maraqlı məqamla qarşılaşdım. Moskvada XIX əsrdə əsası qoyulmuş Lazerev institutunun 2015-ci ildə 200 illiyinin qeyd edilməsi ilə bağlı Ermənistan müraciət etmiş və Rusiya Federasiyası da bu təklifi dəstəkləmişdir. Müraciət UNESCO tərəfindən qəbul edilərək təsdiqlənmişdir.

Bu erməni təşəbbüsünün arxasında dayanan siyasət nədən ibarətdir? Rusiya və bir vaxtlar Rusiyanın da daxil olduğu çar və sovet imperiyaları zamanında şərqşünaslıq daim xüsusi diqqət göstərilən elm və təhsil sahəsi olmuşdur. Bu sahədə müxtəlif xalqların onlarca böyük aliminin adını çəkmək olar. İndi isə Ermənistan UNESCO-ya verdiyi təkliflə özünün həmin irsin varisi və sahibi olmaq iddiasını ortaya qoyur. 1815-ci ildə Moskvada yaradılmış Şərq Dilləri İnstitutu həqiqətən bir müddət bu təhsil ocağının yerləşdiyi binanın sahibi olmuş erməni mənşəli Lazar Lazarevin adını daşımışdır. Lakin həmin institutda rus şərqşünaslığının patriarxları sayılan və müxtəlif xalqların övladları olan Fyodor Korş, Vladimir Qordlevski, Aqafangel Krımski, Vsevolod Miller, İvan Xolmoqorov və digər nəhəng alimlər çalışmış, şərqşünaslığı bir elm və tədris sahəsi kimi yüksəklərə qaldırmışlar. 1921-ci ildə Moskvadakı bütün şərqşünaslıq tədrisi mərkəzləri, o cümlədən Lazerev institutu ləğv edilərək vahid Moskva Şərqşünaslıq İnstitutu yaradılmışdır. Həmin institut isə uzun illər Azərbaycan xalqının böyük oğlu Nəriman Nərimanovun adını daşımışdır. Yeri gəlmişkən, Nəriman Nərimanov dəyərli siyasi xadim, dövlət adamı, yazıçı, dramaturq olmaqdan savayı, həm də dərin bilikli şərqşünas idi və 1920-ci illərdə Moskvada SSRİ Şərqşünaslıq İnstitutunda mühazirələr oxumuşdu. İndi ermənilər Lazerevə məxsus binanın istənilən yubileyini təkbaşına keçirə bilərlərsə də, Moskva Şərqşünaslıq İnstitutunun, bu istiqamətin bir elm və tədris sahəsi olaraq 200 illiyinin qeyd edilməsi həmin yöndə başlıca yükü daşımış və əsas işi görmüş rusların, azərbaycanlıların, taciklərin və digər xalqların və ölkələrin halal haqqıdır. Ermənilərin başqalarının torpaqlarına və sərvətlərinə, maddi və mənəvi dəyərlərinə daim göz dikərək onları haqq-nahaq qamarlamaq, mənimsəmək şakəri burada da özünü göstərmişdir. Belə halların hətta beynəlxalq təşkilatlar səviyyəsində müşahidə edilməsi bizi hər an sərvaxt olmağa səfərbər edir”.

UNESCO rəhbərliyi professor Rafael Hüseynova ünvanladığı məktubun surətini Azərbaycanın həmin təşkilatdakı daimi nümayəndəliyinə də göndərmişdir.

Əsgər Əliyev, AzərTAc-ın xüsusi müxbiri, Paris