Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.06.2015 16:09
  • A-
  • A
  • A+

Tibb problemləri üzrə Elmi Şuranın iclası keçirildi

Tibb problemləri üzrə Elmi Şuranın iclası keçirildi

Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Tibb problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirildi.

Tədbiri giriş sözü ilə şuranın sədri, AMEA-nın müxbir üzvü Nuru Bayramov açaraq gündəlikdə duran məsələlər barədə məlumat verdi. AMEA Rəyasət Heyətinin iclasları və akademiyanın illik Ümumi yığıncağında tibb sahəsində qəbul edilən bir sıra qərarlardan danışdı. Elmi-tədqiqat işlərinin planlaşdırılması, strukturunun qurulması, o cümlədən ümumi istiqamətin müəyyənləşdirilməsi ilə bağlı bir sıra məsələlərə toxundu. O, elmi müəssisələrdə aparılan elmi-tədqiqat işlərindən, respublikanın sosial-iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edən prioritet elm sahələrindən də söz açdı.

Müasir dövrdə dünya üzrə tibb sahəsində inqilabi nailiyyətlərin əldə olunduğunu diqqətə çatdıran alim ölkəmizdə də bu istiqamətdə sürətli inkişafın müşahidə olunduğunu bildirdi.  Son illərdə Azərbaycanda, xüsusilə AMEA-da tibbə dair elmi-tədqiqat işlərinin müasir səviyyədə, dünya standartlarına uyğun şəkildə aparılmasına diqqət yetirildiyini dedi. Bütün elm sahələrində olduğu kimi, tibb elminin də  davamlı inkişafı üçün prioritet istiqamətlərin müəyyənləşdirilməsi və ön plana çıxarılmasının zəruriliyini önə çəkdi. O, ölkəmizdə tibbə dair prioritet elmi-tədqiqat istiqamətlərindən söz açaraq buraya kök hüceyrə,  molekulyar biologiya və təbabət, kompyuter texnologiyaları, elektron səhiyyə, dərman texnologiyaları, tibbi müalicə vasitələri və s. aid olduğunu bildirdi.

Sonra N.Bayramov dissertasiya işlərinə dair annotasiyaların strukturu haqqında məlumat verdi. Bildirdi ki, bununla bağlı vahid forma təsdiq olunmalı və bütün tibbi elmi-tədqiqat institutlarına göndərilməlidir. O, dissertasiya işlərinin AMEA-nın Tibb problemləri üzrə Elmi Şurasından keçmədiyi təqdirdə Ali Attestasiya Komitəsi tərəfindən təsdiq edilməyəcəyini diqqətə çatdırdı. Məruzəçi elmi-tədqiqat işlərinə yazılan rəylərin strukturu ilə bağlı məlumat verərək, onların müasir formaya uyğun şəkildə tərtib edilməsinin vacibliyini vurğuladı.

Bu gün ölkədə elektron idarə sisteminin mövcud olduğunu qeyd  edən şura sədri  elektron təbabətin sürətlə inkişaf etdiyini, bu sahədə mühüm nəticələrin əldə olunduğunu dilə gətirdi. Azərbaycanda tibb üzrə fəaliyyət göstərən alimlərin nəşr etdirdikləri elmi-tədqiqat əsərlərindən ibarət elmi bazanın yaradılmasının məqsədəuyğun olduğunu bildirdi.

Tədbirdə iştirak edən Problem Şurasının üzvləri, tibb elmi sahəsində fəaliyyət göstərən alim və tədqiqatçılar, mütəxəssislər Azərbaycanda mövcud olan tibbi elmi–tədqiqat institutlarının fəaliyyətinin koordinasiyası, elmi-tədqiqat işlərinin annotasiyalarının elektron formasının hazırlanması və s. ilə bağlı fikir mübadiləsi apardılar. Doktorant və dissertantların dissertasiya mövzularının təsdiq edilməsi məsələsini müzakirə etdilər.

Qeyd olundu ki, cari ilin sentyabr ayında AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə Tibb problemləri üzrə Elmi Şura üzvlərinin birgə iclası keçiriləcək. Tədbirdə səhiyyə sahəsində əldə olunan yeniliklər, aparılan araşdırmalar və müvafiq tibbi müəssisələrlə birgə layihələrin həyata keçirilməsilə bağlı fikir mübadiləsi aparılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

  • Paylaş: