Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

27.05.2015 14:02
  • A-
  • A
  • A+

“Nadir şah Əfşar: diplomatik yazışmalar” kitabının təqdimatı olub

“Nadir şah Əfşar: diplomatik yazışmalar” kitabının təqdimatı olub

Mayın 27-də AMEA Rəyasət Heyətində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Nadir şah Əfşar: diplomatik yazışmalar” kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə tariximizin ilkin mənbədən öyrənilməsi baxımından kitabın əhəmiyyətindən danışıb, əsəri tarixinin təəssübünü çəkən, millətini sevən müəllifin yaratdığı mükəmməl sənət abidəsi kimi dəyərləndirib. Bildirib ki, akademik Ramiz Mehdiyevin "Nadir şah Əfşar: diplomatik yazışmalar" kitabı türk mənşəli hökmdarın öyrənilməsi baxımından mühüm mənbədir. Bu kitabda Nadir şahın sui-qəsd nəticəsində öldürülməsi faktı qeyd olunub və məhz bu hadisədən sonra Azərbaycan torpaqlarının parçalanması sürətlənib. 

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Nadir şah Əfşar: diplomatik yazışmalar” kitabı haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın  çoxillik tarixinin, həmin tarixin böyük hadisələrinin və görkəmli şəxsiyyətlərinin dərindən, əsaslı şəkildə, sənədlər əsasında və obyektiv azərbaycançılıq mövqeyindən tədqiq edilib öyrənilməsi və nəşr edilib yeni nəsillərə çatdırılması ümumdövlət əhəmiyyətli mühüm məsələdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin həmin istiqamətdə hələ sovet hakimiyyəti dövründən başladığı böyük işlər, ulu öndərin Azərbaycana ikinci rəhbərliyi dövründə də ardıcıl olaraq davam etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı mühüm tarixi sərəncamlar əsasında tarixi hadisələrə, ədəbi-tarixi şəxsiyyətlərə yenidən qiymət verilməsi, onların irsinin xalqa çatdırılması istiqamətinin daha da genişlənməsi bu işin böyük əhəmiyyətini bir daha aydın surətdə nümayiş etdirir.

AMEA-nın vitse-prezidenti bildirib ki, akademik Ramiz Mehdiyevin son illərdə tarixi problemlərə və şəxsiyyətlərin tədqiqinə doğru dönüşü müstəqil dövlətimizin tarixə qayıdış zərurətinin  meydana çıxardığı əhəmiyyətli hadisədir. Bu gün təqdimatını keçirdiyimiz “Nadir şah Əfşar: diplomatik yazışmalar” kitabı akademik Ramiz Mehdiyevin tarixə yeni qayıdış nümunəsi olan tarixşünaslıq əsərlərini tamamlayan və daha da zənginləşdirən əsərdir. Kitabda ilk növbədə Nadir şahın elmi tərcümeyi-halı yazılmış, tarixi şəxsiyyət kimi obyektiv portreti canlandırmışdır. Bu məqamda akademik Ramiz Mehdiyev hər şeydən əvvəl Nadir şahın mənsub olduğu nəslin türk mənşəli olması məsələsini əsaslı  şəkildə aydınlaşdırmış, sübuta çatdırmışdır.

Nəşrdə Nadir şah Əfşar tək hərbi sərkərdə yox, iqtisadi, miqrasiya və digər sahələrdə islahatlar həyata keçirən dövlət xadimi kimi təqdim olunur: "Xüsusən də erməni müəlliflərin saxtalaşdırmağa çalışdığı, şəxsiyyətinə kölgə salmaq istədikləri bu müəllifin yenidən öyrənilməsi əhəmiyyətli addımdır. Bu kitab əks fikirlərə sənədlər əsasında cavab verən obyektiv bir əsərdir. "Hökmdarın portreti" əsərində olduğu kimi Ramiz Mehdiyev bu kitabda da Nadir şahın əsaslandırılmış portetini yarada bilib və ilk dəfə olaraq onun rəsmi tərcümeyi halı öz əksini tapıb”.

Qeyd edilib ki, Nadir şah Əfşarın türk dövlətlərinə, türk hökmdarlarına hörmət  və ehtiramla yanaşmasının tədqiqi onun haqqında süni şəkildə yaradılmış Osmanlı düşməni obrazının da saxta mahiyyətini açır. Kitabda cəmi  59 il ömür sürmüş, 11 il hakimiyyətdə olmuş Nadir şah Əfşarın tam və obyektiv obrazı yaradılmışdır.

Kitabda Nadir şah Əfşarın müxtəlif ölkələrlə diplomatik yazışmaları, diplomatiya sahəsində məharətindən bəhs edildiyini söyləyən AMEA-nın vitse-prezidenti nəşrin Azərbaycan dövlətçiliyinin öyrənilməsi baxımdan əhəmiyyətli mənbə olduğunu bildirib.

Daha sonra çıxış edən Prezident Administrasiyasının məsul əməkdaşı Eldar Əmirov akademik Ramiz Mehdiyevin salamlarını tədbir iştirakçılarına çatdırıb. Qeyd edib ki, nəşrdə Nadir şahın yazışmalarının Azərbaycan dilinə tərcümə olunması xüsusi əhəmiyyət kəsb edir. Tədqiqatın Nadir şah Əfşar haqqında həqiqətlərin ortaya çıxmasına zəmin yaradacağını söyləyən E.Əminov bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Şah İsmayıl Səfəvi, Ağa Məhəmməd şah Qacar, Nadir şah Əfşar və digərləri haqqında stereotipləri dağıtmaq zəruri idi. Bu insanların Azərbaycan dövlətçiliyi ilə bağlı xidmətlərini kiçiltmək cəhdləri var, onları İran şahları kimi təqdim etməyə çalışırlar. Araşdırmalar aparmaq üçün ilkin mənbələrin yazıldığı dili bilmək lazımdır, yoxsa dəyərli əsər ortaya qoymaq mümkün deyil. Azərbaycan mənbəşünaslığında böyük boşluqlar var. AMEA-da böyük mütəxəssislər var, inanıram ki, bu sahədə daha böyük tədqiqatlar aparılacaq”.

Tədbirdə Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, Dünya Siyasəti İnstitutunun direktoru, professor Musa Qasımlı, Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və başqaları çıxış edərək tariximizin qaranlıq səhifələrinə işıq salan kitabın böyük əhəmiyyətini diqqətə çatdırıblar. Qeyd olunub ki, müəllif Nadir şah Əfşarı XVIII əsrin ən qüdrətli hökmdarlarından biri, görkəmli dövlət xadimi və mahir sərkərdə kimi səciyyələndirir, fikrini çoxsaylı mənbələrə istinad etməklə əsaslandırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: