www.science.az
26.05.2015 12:51

XXII Beynəlxalq Xəzər Neft və Qaz sərgi-konfransı keçiriləcək

2-5 iyun tarixlərində saat 12:00-da Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektorunun ən böyük tədbiri sayılan XXII Azərbaycan Beynəlxalq “Xəzər Neft və Qaz 2015” (“Caspian Oil and Gas 2015”) sərgi və konfransı keçiriləcək.

Regionda neft-qaz sənayesinin əsas hadisəsi olan və beynəlxalq müstəvidə tanınmış platforma sayılan bu sərgi və konfrans iyirmi ildən çoxdur ki, Xəzər regionunun əsas neft-qaz layihələrini və enerji təhlükəsizliyinin təminatını müzakirə etmək üçün ən yüksək səviyyəli rəhbərləri bir araya gətirir. Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən dəstək göstərilən neft-qaz sərgisində 300-dən çox şirkət iştirak edəcək.

Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və xarici meydançasını əhatə edən sərginin ekspozisiyası neft hasilatı və enerji resurslarının nəqli sahəsində innovasiyalı texnologiyalar, neft və qazın saxlanması üçün sistemlərin təmin edilməsi, regionda mövcud və gələcək neft-qaz layihələri və s. tematik bölmələrdən ibarətdir.

İşgüzar proqramın mühüm tərkib hissələrindən biri də Beynəlxalq “Xəzər Neft və Qaz” konfransıdır. İyunun 3-4-də keçiriləcək konfrans Azərbaycan, Böyük Britaniya, Almaniya, Gürcüstan, İran, Türkiyə, ABŞ və bir sıra digər ölkələrdən 500 nəfərdən çox mütəxəssis və yüksək vəzifəli qonağı bir araya gətirəcək. Builki konfransda dövlət strukturlarını təmsil edən 50-dən çox nümayəndənin, eləcə də müxtəlif dünya ölkələrindən aparıcı neft-qaz ekspertlərinin və iri neft-qaz şirkətlərini təmsil edən rəhbərlərin çıxışı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir