Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Naxçıvanda Coğrafiya İnstitutunun yaranmasının 70 illiyi qeyd edilib
26.05.2015 10:20
  • A-
  • A
  • A+

Naxçıvanda Coğrafiya İnstitutunun yaranmasının 70 illiyi qeyd edilib

Mayın 22-də Naxçıvan Bölməsində “Ulu öndər Heydər Əliyevin anadan olmasının 92 və AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun yaranmasının 70 illiyi”nə həsr olunmuş konfransı keçirilib.

AMEA Naxçıvan Bölməsi, Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə ulu öndərin Naxçıvan şəhərindəki heykəlini ziyarət edib, gül dəstələri qoyublar.

Naxçıvan Bölməsində keçirilən konfransı bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq yubiley tədbirinin əhəmiyyətindən danışıb, bu təşəbbüsə görə AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə və konfransda iştirak edən qonaqlara öz təşəkkürünü bildirib.  

Daha sonra elmi məruzələr dinlənilib. Akademik İsmayıl Hacıyev “Ulu öndər Heydər Əliyev və Azərbaycan elmi”, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov “AMEA Coğrafiya İnstitutu 70 ildə: nailiyyətlər  və perspektivlər”,  həmin institutun əməkdaşlarından coğrafiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Quliyeva  “Naxçıvanın arid və semiarid təbii geosistemlərində səhralaşma prosesinin inkişafı”, coğrafiya üzrə elmlər doktoru Xalid Tarverdiyev “Naxçıvanın relyefinin müasir ekogeomorfoloji problemləri”, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənov “Naxçıvanda iqlim dəyişkənliklərinə adaptasiyanın aqroiqlim məsələləri”, coğrafiya üzrə elmlər doktoru Zakir Eminov “Naxçıvan Muxtar Respublikasında məskunlaşma və miqrasiya problemləri”, coğrafiya üzrə elmlər doktoru Rənabəyim Qaşqay “Naxçıvanın su ehtiyatları və əhalinin su ilə təminat problemləri” mövzusunda məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: