www.science.az
06.12.2013 00:00

“Azərbaycanda İnternet: dünəni, bu günü və sabahı” mövzusunda Respublika elmi-praktiki konfransı keçirildi

6 dekabr 2013-cü il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycanda İnternet: dünəni, bu günü və sabahı” mövzusunda respublika elmi-praktiki konfransı keçirildi.

XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı (Bakutel-2013) çərçivəsində keçirilən tədbirin təşkilatçıları AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA İnformasiya Texnologiyaları İnstitutudur.

Tədbir bəşər sivilizasiyasının unikal hadisəsi olan İnternetin aktual elmi problemlərinin müzakirəsi, həlli yollarının araşdırılması məqsədini daşıyır.

Konfransı giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə öncə rabitə və informasiya texnologiyaları işçilərini peşə bayramları münasibətilə təbrik etdi, onlara fəaliyyətlərində uğurlar dilədi.

Tədbirin 19-cu BakuTel sərgi-konfransı çərçivəsində keçirildiyini qeyd edən A.Əlizadə tədbirdə ölkənin İKT sahəsində əldə etdiyi ən son nailiyyətlərinin nümayiş etdirildiyini bildirdi: “Bütün ölkələr, dünyanın nəhəng İKT-şirkətləri Azərbaycandakı sürətli inkişafın, İKT sferasındakı uğurların bir daha şahidi oldular”. Alim İKT ili çərçivəsində ölkəmizdə həyata keçirilən bir sıra mühüm tədbirlərdə AMEA-nın yaxından iştirak etdiyini söylədi. Azərbaycanda İnternetin formalaşması, inkişaf mərhələləri, müasir vəziyyəti və inkişaf perspektivlərinə həsr olunan konfransın yekunlaşmaqda olan “İKT ili” üçün mühüm əhəmiyyət kəsb edən tədbirlərdən olduğunu vurğuladı.

Ölkədə informasiya cəmiyyəti, elektron dövlət quruculuğu proseslərinin uğurla həyata keçirildiyini qeyd edən AMEA prezidenti bu tərəqqi sayəsində İnternetin dinamik inkişaf etdiyini, istifadəçilərin sayının sürətlə artdığını vurğuladı: “Hazırda Azərbaycan İnternetin, bötüvlükdə, İKT sektorunun inkişaf tempinə görə dünya ölkələri arasında ön sıralardan birini tutur. Müxtəlif nüfuzlu beynəlxalq təşkilatların son hesabatları da ölkəmizin bu nailiyyətlərini təsdiq edir. Bütün bunlar ölkəmizdə dinamik sosil-iqtisadi tərəqqinin, İnternet infrastrukturunun inkişafının, İnternet azadlıqlarının yüksək səviyyədə təmin olunmasının göstəricisidir”.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında İnternet infrastrukturunun davamlı inkişafı, informasiya cəmiyyəti quruculuğunun yüksək səviyyədə aparılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi öz əksini tapıb” – bildirən akademik Azərbaycanın İnternet şəbəkəsinin təhlükəsizliyinin möhkəmləndirilməsi, kibercinayətkarlıqla milli və beynəlxalq miqyasda daha effektli mübarizə aparılması, elektron kommersiyanın etibarlı fəaliyyəti, kiberməkanda insan hüquqlarının yüksək səviyyədə təmin edilməsi istiqmətində müvafiq beynəlxalq təşkilatlarla, dünya ölkələri ilə intensiv və səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdırdı.

 Çıxışının sonunda A.Əlizadə konfransın alim və mütəxəssislərin bu sahədə elmi nailiyyətlərinin təbliği, bilik və təcrübə mübadiləsinin aparılması, fikir və şərhlərinin ifadəsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. 

Tədbirdə “İnternet və dövlət siyasəti” mövzusunda məruzə ilə Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov çıxış etdi. Ə.Abbasov Prezident İlham Əliyev tərəfindən 2013-cü ilin ölkədə İnformasiya Texnologiyaları ili elan edilməsinin son illər bu sahədə yüksək tərəqqinin göstəricisi olduğunu bildirdi. Nazir İKT xidmətlərinin genişləndirilməsi, informasiya və bilik bazarının formalaşması və inkişafının dövlətin İKT siyasətinin əsas hədəflərindən olduğunu qeyd etdi. Ölkədə İKT sektorunun inkişafı, xüsusən də yüksəksürətli genişzolaqlı İnternet xidmətlərinin artırılması istiqamətində qəbul edilən dövlət proqramlarının, həyata keçirilən layihələrin əhəmiyyətindən danışdı. “Azərbaycan Respublikasının inkişafi naminə informasiya və kommunikasiya texnologiyalari üzrə Milli Strategiya”, “E-Azərbaycan”, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə” dövlət proqramlarının bu istiqamətdə atılmış əməli addımlardan olduğunu söylədi.

Cəmiyyətin daha şəffaf, daha asan idarə olunmasında “Elektron hökumət” xidmətlərinin həm keyfiyyət, həm də kəmiyyət baxımından artırılmasının vacibliyini vurğulayan Ə.Abbasov xüsusən də RİTN yanında Elektron Hökumət üzrə Dövlət Agentliyinin yaradılmasının əhəmiyyətini vurğuladı. Elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi, dövlət nəzarətinin gücləndirilməsi və görülən işlərin səmərəliliyinin artırılması baxımından agentliyin strateji qurum olduğunu bildirdi. Ölkəmizin İKT sahəsində əldə olunan nailiyyətlər, inkişaf tempinin yüksəlməsi ilə dünya miqyasında artan nüfuzunu da önə çəkən nazir 2020-ci ildə Azərbaycanda kosmik sənaye, yerüstü və simsiz rabitə şəbəkəsinin inkişafı, elektron hökumət və kibercinayətkarlıqla mübarizənin yüksək səviyyəyə çatacağını bildirdi. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hədəflərinə çatmaq üçün İKT mütəxəssislərinin üzərinə yeni və məsuliyyətli vəzifələrin qoyulduğunu qeyd etdi.

“Azərbaycanda İnternetin formalaşması mərhələləri və inkişaf perspektivləri” mövzusunda məruzə ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi və müxbir üzvü, professor Rasim Əliquliyev çıxış etdi. R.Əliquliyev İnternetin 44 ildə keçdiyi sürətli inkişaf yolunun bir çox təzadlarla, siyasi-ideoloji qarşıdurmalarla, mental dəyərlərin itirilmə qorxusundan irəli gələn təzyiqlərlə müşayiət olunduğunu bildirdi. “Lakin, bütün bunlara baxmayaraq İnternet dünyada vüsət almaqla, müxtəlif fəaliyyət sahələrinə getdikcə daha dərindən nüfuz edir, insanların həyat tərzinin ayrılmaz bir hissəsinə çevrilir”.

Yüksək texnoloji məhsul və xidmətlərin yaradılması, texnoloji tərəqqinin nailiyyətlərinin mənimsənilməsinin ölkənin gələcək inkişafını səciyyələndirən mühüm amillərdən olduğunu qeyd edən institut direktoru bu gün İnternetin aktual elmi problemlərinin həllinin alim və mütəxəssislərin qarşısında mühüm vəzifələr qoyduğunu söylədi. O, institutda İnternetin gələcək inkişaf istiqamətləri və perspektivlərinin araşdırıldığını bildirdi. Qlobal şəbəkənin “Əşyaların İnterneti”, “Kosmik İnternet”, “Tibbi İnternet”, “Biometrik İnternet” kimi yeni istiqamətlərinin xüsusiyyətləri, cəmiyyət üçün üstünlüklərinin reallaşdırılması imkanlarının öyrənildiyini bildirdi.

Azərbaycanda İnternetin inkişaf dinamikasından söhbət açan natiq bu sahədə həyata keçirilən dövlət siyasətinin uğurlarını qeyd edərək müxtəlif nüfuzlu beynəlxalq reytinq agentliklərinin son hesabatlarının ölkəmizin bu sahədə nailiyyətlərini təsdiq etdiyini bildirdi. Alim qeyd etdi ki, qabaqcıl informasiya texnologiyaları sahəsində innovativ ideyaların tətbiqi, yeni proqram təminatlarının yaradılması yaxın gələcəkdə insanların həyat tərzində yeni, əhəmiyyətli dəyişiklərə səbəb olacaq.

Tədbirdə həmçinin İT üzrə aparıcı mütəxəssislərin, alimlərin məruzələri dinlənildi. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, AR RİTN yanında Elektron Təhlükəsizlik Mərkəzinin direktoru Faiq Fərmanov, Azərbaycan İnternet Cəmiyyətinin sədri Qalib Qurbanov, Azərbaycan İnternet Forumunun prezidentiOsman Gündüz və başqaları çıxış etdilər. Azərbaycanda İnternetin yaranma tarixi, inkişaf dinamikası, vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında İnternetin imkanları, sosial media problemləri, İnternetin inkişafı naminə dövlət-biznes-vətəndaş cəmiyyəti, İnternet və informasiya texnologiyalarının hüquq elmi və təhsilinin inkişafına təsiri, Azərbaycanda İnternetskopiya problemlərinə dair səsləndirilən fikirlər böyük maraqla qarşılandı, qarşılıqlı fikir mübadiləsi aparılaraq verilən suallar cavablandırıldı.

Konfrans öz işini “İnternetşünasliq: problemlər, konseptual baxışlar, perspektivlər” mövzusunda bölmə iclası ilə davam etdirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.sсience.az saytına istinad zəruridir.