www.science.az
02.12.2013 00:00

Akademik Akif Əlizadə: “İstedadları üzə çıxarmaq azdır, onları yetişdirmək lazımdır”

AMEA prezidenti, akademik Akif Əlizadə bu fikri media mənsubları ilə görüşündə ifadə edib.

Akademiyada aparılan islahatlar içərisində prioritet məsələlərdən biri gənclərlə bağlıdır. İstedadlı gənclərin elmə cəlb olunması istiqamətində müxtəlif layihələr həyata keçirilir.

Dünyanın nüfuzlu elmi təşkilatları ilə əməkdaşlıq çərçivəsində istedadı və savadı ilə fərqlənən gənc mütəxəssislərimiz təcrübə keçmək üçün aparıcı elmi mərkəzlərə ezam olunurlar.

Bundan əlavə, AR Prezidenti yanında Elmin İnkişafı Fondu gənc alim və mütəxəssislərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara yaradıcılıq imkanı yaratmaq məqsədilə qrantlar təqdim edir.

Akademiyada həyata keçirilən mühüm tədbirlərdən biri də yüksəkixtisaslı gənc alim və mütəxəssislərin yetişdirilməsi istiqamətində akademiyanın nəzdində baza kafedralarının yaradılmasıdır. AMEA rəhbərinin də qeyd etdiyi kimi, bu kafedralarda gənc mütəxəssislər çox böyük həvəslə elmin sirlərinə yiyələnirlər: “Akademiyada beynəlxalq elmi təcrübəyə yiyələnmiş yetərincə alimimiz var. Onların gənclərlə işləməsi püxtələşmiş elmi gəncliyin bərqərar olması deməkdir. Tələbələrin baza kafedralarında həvəslə elmi biliyə yiyələnmələrinin şahidi olmuşam. Artıq bir neçə universitetin institutlarımızda baza kafedraları mövcuddur. Çalışacağıq ki, qısa zamanda onların sayı daha da artsın. Akademiyada alimlərlə yanaşı tələbələrin də səsinin ucalması üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Gənclərin Prezident Mükafatına namizədliyinin irəli sürülməsi də onların elmi fəaliyyətinin stimullaşdırılması üçün atılan addımlardandır. Azərbaycanda elmin gəncləşməsi, yüksəkixtisaslı elmi gəncliyin formalaşması üçün AMEA-da bundan sonra da müxtəlif layihələrin həyata keçirilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.