Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Professor Maisə Rəhimovanın 70 yaşı tamam olub
19.05.2015 08:46
  • A-
  • A
  • A+

Professor Maisə Rəhimovanın 70 yaşı tamam olub

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimovanın 70 yaşı tamam olub.

Maisə Rəhimova 16 may 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirmiş, Azərbaycan Elmlər Akademiyasının Tarix insitutunun aspiranturasına daxil olmuşdur. 1974-cü ildə Moskva şəhərində SSRİ EA Təbiətşünaslıq və Texnika İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1973-cü ildən 1978-ci ilə qədər Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya Sektorunun Arxeoloji Texnologiya laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışmış, 1978-ci ilin noyabr ayında Arxeologiya və Etnoqrafiya Sektorunun elmi katibi vəzifəsinə təyin olunmuşdur.

Müstəqillik dövründə 1993-cü ildə Arxeologiya və Etnoqrafiya İnstitutu yaradıldıqdan sonra həmin institutun elmi katibi, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır.

2005-ci ildə “Eneolit və tunc dövrü Azərbaycan metallurgiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, tarix elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.

2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə təşkilatı olan YUNESKO-nun Bioetika, Elm və Texnologiyaların Etikası üzrə Azərbaycan Milli Komitəsinin üzvü seçılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi Şurasının sədri, Tarix üzrə Problem Şurasının sədr müavinidir. 2005-ci ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru vəzifəsində çalışır.

M.Rəhimova Azərbaycan arxeologiyasında müasir dünya tələblərinə uyğun arxeometrik tədqiqatlara keçidin təməlçilərindəndir. Onun institutda rəhbərliyi dövründə Azərbaycan arxeologiyası və etnoqrafiyası ABŞ, Avropa və Yaponiyanın elmi mərkəzləri ilə əməkdaşlıq qurmuş, gənc elmi kadrların qabaqcıl dünya mərkəzlərində hazılanmasına başlanılmışdır.

M.Rəhimova  “Arxeologiya və Etnoqrafiya” dövrü jurnalının, 6 cildlik “Azərbaycan Arxeologiyası”nın baş redaktoru, AMEA-nın Xəbərlər məcmuəsinin, “Elm və həyat”, “Azərbaycan arxeologiyası” jurnalının redaksiya heyətinin üzvüdür.

Dəfələrlə AMEA-nın Rəyasət Heyətinin Fəxri Fərmanları, Azərbaycan-Polşa  elmi əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə medal ilə, elmə verdiyi töhfələrə görə müxtəlif elm mərkəzlərinin yüksək fəxri elmi adları, beynəlxalq konfransların diplom və mükafatları ilə təltif edilmişdir. 

M. Rəhimova, həmçinin ictimai-siyasi fəallığı ilə tanınmış, Yeni Azərbaycan Partiyasının Yasamal rayonu ilk özək təşkilatının sədri vəzifəsini icra etmişdir.

Azərbaycanın arxeologiya və etnoqrafiya elmi sahəsində görkəmli alimini 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona uzun ömür, möhkəm can sağlığı, elmimizin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: