www.science.az
19.05.2015 13:03

AMEA Humanitar Elmlər Bölməsinin ilk iclası keçirilib

Mayın 18-də AMEA Rəyasət Heyətində Humanitar Elmlər Bölməsinin ilk iclası keçirilib.

Tədbiri giriş sözü ilə bölmənin akademik-katibi, akademik Teymur Kərimli açaraq, gündəlikdəki məsələlərlə bağlı məlumat verib.

Daha sonra AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi konsepsiyası” mövzusunda məruzəsi dinlənilib. Məruzədə ədəbiyyat tarixinin dövrləşdirilməsi istiqamətində doqquz mərhələ üzrə inkişaf proseslərinin xarakteristikası şərh edilib. Bu gün ədəbiyyatşünaslıq elmi üçün hadisə sayıla biləcək, böyük aktuallıq kəsb edən, Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi konsepsiyası haqqında fakt və əsaslandırmalarla çıxış edən akademik İ.Həbibbəyli müəllifi olduğu konsepsiyanın layihəsi barədə ətraflı və konseptual şərh verib.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Məruzənin Rəyasət Heyətinin iclasında dinlənilməsi qərara alınıb.

Tədbirdə, həmçinin Humanitar Elmlər Bölməsinin fəlsəfə doktoru və elmlər doktoru proqramı hazırlığı üzrə doktorant və dissertantlarının 2015-ci il üzrə qəbul planının təsdiq olunması, Dilçilik İnstitutunun “Türkologiya” jurnalının redaksiya heyətinin tərkibində dəyişiklik edilməsi və digər məəsələlər ətrafında müzakirələr aparılıb.

Sonda bir sıra kadr məsələlərinə də baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir