www.science.az
02.12.2013 00:00

AMEA Genetik Ehtiyatlar İnstitutunda beynəlxalq tədbir keçirildi

30 noyabr 2013-cü il tarixdə Bakıda öz işinə başlayan “Kənd təsərrüfatı tədqiqatları və bitki genetik ehtiyatları sahəsində beynəlxalq əməkdaşlıq” konfransı və Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA) İdarəedici Komitəsinin 53-cü toplantısı dekabrın 2-də öz fəaliyyətini AMEA Genetik Ehtiyatlar İnstitutunda davam etdirdi.

Əsas məqsəd genetik ehtiyyatların təbiətdə öyrənilməsi və mühafizəsi, onların məqsədyönlü toplanaraq kolleksiyalarda qorunub-saxlanması, hərtərəfli tədqiq edilərək seleksiya proqramlarında səmərəli istifadəsi məsələlərinin beynəlxalq əməkdaşlıq çərçivəsində müzakirəsidir.

Tədbirdə kənd təsərrüfatı və bitki genetik ehtiyatları sahəsində dünyanın tanınmış alimləri, seleksiyaçılar, Kənd təsərrüfatı tədqiqatları üzrə Beynəlxalq Məşvərətçi Qrupa (CGİAR) daxil olan təşkilatların nümayəndələri, CGİAR-in Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə Konsorsiumu, İCARDA-nın İdarəedici Komitəsinin üzvləri, donorlar, ölkəmizin aqrar və genetik ehtiyatlar sahəsində fəaliyyət göstərən institut nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, AMEA-nın müxbir üzvü, professor Novruz Quliyev kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatında neft və tikinti sahələrindən sonra üçüncü ən böyük sahə olduğunu diqqətə çatdırdı. Ölkəmizin aqrar sahədə inkişaf istiqamətlərindən söz açan və qəbul edilmiş dövlət proqramlarını xatırladan alim Azərbaycanın bu istiqamətdə bir sıra beynəlxalq təşkilatlara üzv olduğunu, beynəlxalq qanunvericilik aktlarına qoşulduğunu qeyd etdi.

N.Quliyev bitki genetik ehtiyatları (BGE) haqqında məlumat verdi, onların kənd təsərrüfatında böyük rola malik olduğunu vurğuladı.

Sonra çıxış edən institutun direktoru, kənd təsərrüfatı üzrə elmlər doktoru Zeynal Əkpərov institutda biomüxtəlifliyin genetik ehtiyatlarının toplanması, mühafizəsi və səmərəli istifadə olunması üzrə ardıcıl və məqsədyönlü tədqiqatların apardığını, müvafiq ölkə şəbəkəsinin yaradılması və idarə olunması məqsədilə tədbirlər həyata keçirdiyini söylədi. İnstitutda dənli-taxıl, dənli-paxlalı, meyvə və giləmeyvə, tərəvəz-bostan, yem, dərman və qeyri-ənənəvi bitkilərin böyük elmi və praktiki dəyərə malik 395 cinsə, 1110 növə aid nadir, qiymətli xalq seleksiyası sortlarının, endemik, relikt formalarının 10 minə qədər nümunəsinin 11 beynəlxalq və 30-dan çox yerli ekspedisiya, daxili və beynəlxalq elmi mübadilə yolu ilə toplanaraq Milli Genbankda mühafizə edildiyini qeyd etdi.

“Azərbaycanda bitki genetik ehtiyatlarının qorunması və davamlı istifadəsi sahəsində beynəlxalq əməkdaşlığın rolu” mövzusunda məruzə ilə çıxış edən Z.Əkpərov institut ilə İCARDA arasında əməkdaşlıq əlaqələrindən məqsədyönlü istifadə etməklə, müvafiq qanunvericilik bazasının inkişaf etdirildiyini, mühüm layihələrin icra edildiyini söylədi. Bildirdi ki, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun hazırlanmasında İCARDA böyük rol oynamışdır.

İCARDA-nın Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması, BGE-nin öyrənilməsi, mübadiləsi, mühafizəsi və səmərəli istifadəsi sahəsində gənc kadrların hazırlanmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirən alim institutun 30-a yaxın əməkdaşının İCARDA-nın dəstəyi ilə xaricdə və ölkəmizdə treninqlər keçdiyini diqqətə çatdırdı.

Tədbirdə, həmçinin elmlər doktorları Cavanşir Talainin “CGİAR çərçivəsində 1995-2013-cü illərdə birgə həyata keçirilən tədqiqatların nəticələri və perspektivləri”, Ram Şarmanın “İqlim dəyişikliyi kontekstində Mərkəzi Asiya və Qafqazda dənli və paxlalı bitki rüşeymlərinin təkmilləşdirilməsi üzrə beynəlxalq əməkdaşlıq”, Əziz Nurbəyovun “Mərkəzi Asiya və Qafqazda kənd təsərrüfatının qorunmasının stimullaşdırılması” və digər alimlərin məruzələri dinlənildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.