www.science.az
15.05.2015 15:35

Nizami Gəncəvi adına Qızıl medal Nobel mükafatı laureatı Jores Alferova təqdim edilib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ölkəmizin Rusiya Federasiyasındakı səfirliyində təntənəli mərasim keçirilib.

Tədbir çərçivəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu AMEA-nın qərarı ilə dünya elminin və Azərbaycan-Rusiya elmi əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Rusiya Akademiyasının həqiqi üzvü, fizika sahəsində Nobel mükafatı laureatı Jores Alferovun “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə təltif olunduğunu bildirib və medalı alimə təqdim edib.

Fəaliyyətinin yüksək qiymətləndirildiyinə görə AMEA-ya təşəkkür edən J.Alferov deyib: “Bu gün çox fərəhli gündür. Mayın 9-da biz Böyük Qələbənin 70 illiyini qeyd etdik. Bu gün isə ulu öndər Heydər Əliyevin doğum gününü qeyd edirik”. Daha sonra alim bir çox azərbaycanlılarla, o cümlədən məşhur fizik, akademik Həsən Abdullayevlə dostluğundan da söhbət açıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir