Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

14.05.2015 12:47
  • A-
  • A
  • A+

“Xarəzmşahlar - Anuştəqinilər dövləti. 1097-1231” kitabının təqdimatı keçirilib

“Xarəzmşahlar - Anuştəqinilər dövləti. 1097-1231” kitabının təqdimatı keçirilib

Mayın 14-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində görkəmli şərqşünas alim, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun ingilis dilində çap olunan “Xarəzmşahlar - Anuştəqinilər dövləti. 1097-1231” kitabının təqdimatı keçirilib.

Tədbir Milli Azərbaycan Tarixi Muzeyi, Şərqşünaslıq İnstitutu və Özbəkistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılıb. Akademik Ziya Bünyadovun fundamental tədqiqat əsərlərindən biri olan bu kitab UNESCO-nun Mərkəzi Asiya Tədqiqatlar İnstitutu tərəfindən ingilis dilinə tərcümə edilib və çapa hazırlanıb.

Əvvəlcə iştirakçılar foyedə Ziya Bünyadovun həyat və fəaliyyətini əks etdirən şəxsi sənədləri və elmi əsərlərindən ibarət stendlərlə tanış olublar.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Vəlixanlı Z.Bünyadovun görkəmli şəxsiyyət və şərqşünas alim kimi fəaliyyətindən danışıb. Kitab barədə məlumat verən N.Vəlixanlı bildirib ki, görkəmli alimin türk xalqlarının tarixinə işıq salan kitabının ingilis dilində çap olunması Azərbaycan elminin dünya ictimaiyyətinə tanıdılmasında mühüm əhəmiyyətə malikdir. Kitab AMEA-nın müxbir üzvü Şahin Mustafayev və İngiltərə şərqşünası Tomos Velsfordun elmi redaktəsi ilə nəşr edilmişdir.

Daha sonra şərqşünas alimə həsr olunmuş “Akademik Ziya Bünyadovun missiyası” sənədli filmi nümayiş etdirilib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibibbəyli Ziya Bünyadovun şərqşünaslıq elmində yeri və rolundan danışıb. Şərq və türk-müsəlman xalqlarının tarixinin öyrənilməsində Azərbaycan elminin qazandığı nailiyyətlərdən söz açan akademik İ.Həbibbəyli bu istiqamətdə görkəmli alim Ziya Bünyadovun zəhmətini xüsusi vurğulayıb. O, müstəqil Azərbaycanda tarix və şərqşünaslıq elminin inkişafına göstərilən dövlət qayğısına toxunaraq, alimlərimizin bundan sonra da fundamental əsərlər yaradacağına əminliyini ifadə edib.

Qeyd edilib ki, Azərbaycan tarixini saxtalaşdıranlara qarşı inadlı mübarizə aparmış Z.Bünyadovun elmi əsərləri tariximizin neçə-neçə qaranlıq səhifəsinin açılmasında mühüm rol oynamışdır.

Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev çıxışında akademik Ziya Bünyadovun “Xarəzmşahlar - Anuştəqinilər dövləti. 1097-1231” kitabının tərcüməsi və çapını təşkil etmiş Beynəlxalq Mərkəzi Asiya Tədqiqatlar İnstitutunun fəaliyyəti barədə məlumat verib.

Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Şerzod Fayziyev Urgənc şəhərinin fəxri vətəndaşı olmuş Ziya Bünyadovun iki ölkə arasında dostluq münasibətlərində yeri və rolundan danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: