Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Botanika İnstitutunun əməkdaşı Avropa Şurası Bioetika Komitəsinin Strasburqda keçirilən iclasında iştirak edib
14.05.2015 09:34
  • A-
  • A
  • A+

AMEA Botanika İnstitutunun əməkdaşı Avropa Şurası Bioetika Komitəsinin Strasburqda keçirilən iclasında iştirak edib

4-7 may 2015-ci il tarixlərində  Strasburqda Avropa Şurası Bioetika Komitəsinin (DH-BİO) təşkilatçılığı və Nazirlər Komitəsinə Belçikanın sədrliyi ilə  “Müasir texnologiyalar və insan hüquqları” mövzusunda Beynəlxalq konfrans keçirilib.

Dünyanın 47 ölkəsinin nümayəndəsinin iştirak etdiyi tədbirdə ölkəmizi AMEA Botanika İnstitutunun Genomun quruluşu və ekspressiyası laboratoriyasının müdiri, b.ü.f.d. Ələmdar Məmmədov təmsil edib. Qeyd etmək lazımdır ki, 1999-cü ildə Azərbaycanda akademik Cəlal Əliyevin rəhbərliyi altında YUNESKO yanında  “Bioetika, elmi biliklərin və texnologiyaların etikası” Milli   Komitəsi yaradılmış və müasir biologiyada, kənd təsərrüfatı və tibdə aparılan tədqiqatların bioetik problemlərinin öyrənilməsinə və onların həlli yollarının aydınlaşdırılmasına başlanılmışdır. May ayının 4-5 tarixlərində ardıcıl olaraq müasir texnologiyaların müxtəlif istiqamətləri və onların bioetik aspektlərinə  dair  6  iclas keçirilmişdir. Mayın 4-də konfransın açılış mərasimində Avropa Şurası Baş katibinin müavini xanım Qabriella Battani-Draqoni,  Belçikanın Avropa Şurasında daimi nümayəndəsi,  səfir Dirk Van Eeckhout və  Avropa Şurası Parlament Assambleyasının İctimai Sağlamlıq üzrə altkomitəsinin sədri,  xanım  Liliane Maury Pasquier iştirak etmişlər. Çıxışlar zamanı son onilliklərdə biotəbabət sahəsində  əldə olunmuş inkişafın insanların  sağlamlığı və rifahı üçün potensial faydası, bunların tətbiqi ilə biologiya və tibbdə yaranan müxtəlif etik və leqal problemlər,  insanların hüquqları və insan ləyaqəti baxımından narahatlığa  səbəb olan sui-istifadə imkanları və  onların aradan qaldırılmasına dair hüquqi yanaşmalar haqqında məlumatlar verilmişdir. Müasir texnologiyaların əsas istiqamətləri olan Nanotexnologiya, Biotexnologiya, İnformasiya texnologiyası və koqnitiv (idrakı dərketmə) texnologiyaları (NBİC) və onların bioetik cəhətləri geniş işıqlandırılmışdır. İclasın sonunda müxtəlif  ölkələrin nümayəndələrini maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırılmış və mübahisəli məsələlərə aydınlıq gətirilmişdir.  İştirakçılara Avropa Şurası Bioetika Komitəsinin “From Bio to NBİC convergence - From Medical Practice to daily Life” adlı Rathenau İnstitutunun yeni texnologiyalar, onların metodologiyası, perspektivləri və bioetik problemlərin tədqiqinə həsr olunmuş kitab təqdim olunmuş və burda olan məlumatların hər bir ölkənin Bioetika Komitəsi tərəfindən tərcümə olunaraq yayılması tövsiyyə olunmuşdur.

May ayının 5-7 tarixlərində keçirilən “İnsan hüquqları və Biotəbabət”-ə həsr olunmuş görüşlərdə Oviedo Konvensiyası və onun protokollarının bütün ölkələrin nümayəndələri tərəfindən tam işlənib qəbul olunmamış maddələrinin müzakirəsi  davam etdirilib. Öncə “Psixoloji pozğunluqları olan şəxslərin məcburi xəstəxanaya yerləşdirilməsi və məcburi müalicəsi ilə bağlı onların şərəf və hüquqlarının müdafiəsi”, “Proqnozlaşdırma, genetik testləşdirmə və sığorta” , “İnsan mənşəli bioloji materialların təkrar ekspertizası üzrə tövsiyyəyə əlavələr” haqqında əlavə protokolların qaralama variantları üzərində müzakirələr aparılıb,  hər bir maddə üzrə ümumi razılıq əldə olunduqdan sonra həmin maddə son yazılışda qəbul edilib.  Müzakirələr daha çox “Psixoloji pozğunluqları olan şəxslərin məcburi xəstəxanaya yerləşdirilməsi və məcburi müalicəsi ilə bağlı onların şərəf və hüquqlarının müdafiəsinə” dair əlavə  protokolun maddələri ilə aparılıb.

Konfransın sonunda əlavə protokolların hər bir ölkənin yerli Bioetika Komitələri tərəfindən mütəxəssislərin iştirakı ilə geniş müzakirəsinin aparılması, mübahisəli məqamların aydınlaşdırılması və onların həlli üçün maddələr üzrə yeni fikirlərin  və əlavələrin toplanılaraq bu ilin dekabr  ayında keçirilməsi planlaşdırılan 8-ci görüşdə müzakirələrə təqdim olunması nümayəndələrə tövsiyyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

  • Paylaş: