www.science.az
14.05.2015 12:40

Botanika İnstitutunda innovativ texnologiyaların tətbiqi və qida təhlükəsizliyi üzrə seminar keçirilib

AMEA Botanika İnstitutunda “Aral-Xəzər dənizi hövzələrinin azməhsuldar torpaqlarında ərzaq təhlükəsizliyinin yüksəldilməsi” mövzusunda seminar keçirilib.

Tədbirdə Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (İCBA) regional kordinatoru Dr. Kristina Toderich, AMEA-nın Elmi İnnovasiyalar Mərkəzi, Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsi, Botanika İnstitutu, Mərkəzi Nəbatat bağı, Agri Bio EkoTex şirkəti və digər təşkilatların nümayəndələri iştirak ediblər.

Seminarı giriş sözü ilə Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə açaraq keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, seminar Botanika İnstitutu və İCBA arasında imzalanmış memorandum əsasında icra olunan layihə üzrə həyata keçirilir. Layihənin məqsədi şoran torpaqların bərpası və heyvandarlığın inkişafı üçün davamlı qida bazasının yaradılması, deqradasiya olunmuş otlaqların yaxşılaşdırılması, aqromeşəçiliyin inkişafı üçün innovativ texnologiyaların tətbiq edilməsi və qiymətləndirilməsidir.

Tədbirdə Dr. Kristina Toderichin “Şoran şəraitdə azməhsuldar torpaqların və suyun kompleks (və ya çoxfunksiyalı) istifadəsi (məhsulun diversifikasiyası, aqromeşəmeliorasiya, otlaq-heyvandarlıq sistemi)” və Botanika İnstitutunun gənc doktorantı Aynurə Cəfərovanın “Kür-Araz ovalığının azməhsuldar torpaqlarının bərpası üçün bioloji yanaşma” mövzusunda məruzələri dinlənilib. Məruzələr ətrafında fikir mübadiləsi aparılıb, icra olunan layihə üzrə həyata keçirilən işlərin mərhələləri, əldə olunan nəticələr müzakirə edilib.

Tədbirin növbəti hissəsi Kürdəmir rayonunda yerləşən Botanika İnstitutunun dayaq məntəqəsindəki pilot sahənin müşahidəsi və layihənin nəticələrinin yerli fermerlərlə müzakirəsinin aparılmasına həsr olunub. Bu istiqamətdə azməhsuldar torpaqların meliorasiyasında istifadə üçün yeni təcrübələrin əldə edilməsi, müxtəlif elm sahələrinin və iş adamlarının biliklərinin cəlb edilməsi, arid otlaq ekosistemlərin stabil fəaliyyətinin və biomüxtəlifliyinin qorunması üçün şəraitin yaradılması, ərzaq təhlükəsizliyi üzrə Avrasiya mərkəzi ilə sıx əlaqələrin saxlanılması və digər kreativ yanaşmaların prespektivləri müzakirə edilib.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir