Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

12.05.2015 16:09
  • A-
  • A
  • A+

Akademik Akif Əlizadə Avropa Herontologiya və Heriatriya Assosiasiyasının prezidentini qəbul edib

Akademik Akif Əlizadə Avropa Herontologiya və Heriatriya Assosiasiyasının prezidentini qəbul edib

AMEA prezidenti, akademik Akif Əlizadə Avropa Herontologiya və Heriatriya Assosiasiyasının prezidenti, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Vladimir Xavinsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə AMEA Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova və Rusiya Tibb Elmləri Akademiyasının Şimal-Qərb bölməsinin Sankt-Peterburq Biorequlyasiya və Herontologiya İnstitutunun elmi-kliniki işlər üzrə direktor müavini, professor Svetlana Trofimova da iştirak edib.

Öncə AMEA prezidenti iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq və dostluq münasibətlərindən danışıb, bu əlaqələrin daha da genişləndirilməsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Akademik Akif Əlizadə bu gün ölkəmizdə böyük uğur və inkişafın müşahidə olunduğunu vurğulayaraq, iyun ayında Azərbaycanda keçiriləcək ilk Avropa oyunları haqqında qonağa məlumat verib. Ölkəmizin inkişafı tarixində bu böyük idman bayramının önəmli rol oynayacağına inamını ifadə edib.

A.Əlizadə akademiyanın böyük və şərəfli tarixə malik olduğunu, cari ilin noyabr ayında bu elm ocağının 70 illik yubileyinin keçiriləcəyini qeyd edib. Həmçinin AMEA-nın elmi müəssisə və təşkilatlarında aparılan mühüm elmi tədqiqatlar haqqında məlumat verib.

Sonra Vladimir Xavinson insan ömrünün uzadılması problemləri, müvafiq dərman preparatlarının hazırlanmasında yeni texnologiyaların tətbiqi, həmçinin bu sahədə lazımi kadr hazırlığı məsələləri haqqında danışıb.  “Biz Avropa və dünyada orqanizmin resurslarını artıran biorequlyatorların hazırlaması sahəsində liderliyi qoruyub saxlayırıq” deyə bildirən qonaq beyin funksiyalarının bərpası üçün hazırlanmış preparatların son dərəcə əhəmiyyətli  olduğunu vurğulayıb. Onun sözlərinə görə, ekstremal amillər sürətlə qocalmaya gətirib çıxarır. Gözün torlu qişası üçün hazırlanmış preparat ekstremal amillərin neqativ təsirinin qarşısını almaqla yanaşı, uzun ömürlüyün artması və heyvanlarda şişlərin tezliyinin azalmasına da imkan yaradır. V.Xavinson gözün torlu qişası üçün hazırlanmış preparatın hərbi məqsədlərlə istifadəsindən də söz açıb.

Qonaq uzunömürlülük probleminin respublikamız üçün böyük əhəmiyyət kəsb etdiyini və müvafiq tədqiqatlar üçün Azərbaycanda unikal baza olduğunu qeyd edib.

AMEA prezidenti 2016-ci ilin payız aylarında V.Xaskeleviçin dəstəyilə bu sahədə birgə laboratoriyanın təşkili barədə danışıb. Bildirib ki, öncə laboratoriyanın inkişaf proqramı və mühüm istiqamətlər müəyyənləşdirilməlidir.

Görüşdə, həmçinin antiqocalma texnologiyaları, dünyada biofizika və bioinformatika sahəsində aparılan tədqiqatlar, eləcə də hər iki qurum arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Sonda qonaq A.Əlizadəyə xatirə hədiyyələri təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

  • Paylaş: