www.science.az
08.05.2015 10:40

Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Milli Azərbaycan Ədəbiyyatı Muzeyində tədbir keçirilib

Mayın 8-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş elmi seminar keçirildi.

Əvvəlcə muzeyin foyesində dahi liderin həyat və fəaliyyətini əks etdirən sərgi nümayiş etdirildi.

Tədbirdə “Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda məruzə ilə çıxış edən muzeyin şöbə müdiri, professor Tofiq İsmayılov görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin zəngin siyasi təcrübəsi və dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verdi. Bildirildi ki, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində xüsusi yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan dahi rəhbər müdrik siyasəti, dönməz əqidəsi və siyasi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində, müasir Azərbaycan dövlətinin qurulmasında müstəsna rol oynayıb. Dövlətimizin gücləndirilməsinin, ordu quruculuğunun, respublikamızda ictimai-siyasi vəziyyətin sabitləşməsinin, sosial-iqtisadi nailiyyətlər qazanılmasının ulu öndərin adı ilə bağlı olduğunu söyləyən muzeyin şöbə müdiri ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolunun hər bir vətəndaş üçün böyük örnək olduğunu diqqətə çatdırdı.

H.Əliyevin elmimizin inkişafı istiqamətində gördüyü işlərdən danışan  T.İsmayılov ümummilli liderin müstəqil Azərbaycanın dövlət quruculuğunda göstərdiyi əvəzsiz xidmətlərlərin, Azərbaycan ədəbiyyatına və mədəniyyətinə ayırdığı diqqətin daim xatırlanacağını bildirdi. O, əsası Heydər Əliyev tərəfindən qoyulan islahatların Prezident İham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı.

Digər çıxış edənlər ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, onun şərəfli ömür yolundan, Vətənimiz və xalqımız üçün gördüyü misilsiz işlərdən danışdılar.

Vurğulandı ki, Azərbaycanın müasir inkişafı dahi liderin adı ilə bağlıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir