www.science.az
29.11.2013 00:00

“Azərbaycan 2020: Gələcəyə baxış İnkişaf Konsepsiyası” kontekstində insan haqlarının səmərəli müdafiəsi” mövzusunda I Beynəlxalq elmi konfrans öz işinə başladı

Bu gün AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, Qafqaz Universiteti və Türkiyənin Melikşah Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan 2020: Gələcəyə baxış İnkişaf Konsepsiyası” kontekstində insan haqlarının səmərəli müdafiəsi” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başladı.

Tədbiri giriş sözü ilə açan Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə müstəqillik illərində insan hüquq və azadlıqlarının qanunvericilikdə təsbiti, müdafiəsi və mühafizəsi sahəsində ölkəmizdə ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyini bildirdi. O qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin şəxsi səyi ilə hazırlanmış və referendum yolu ilə qəbul edilmiş Konstitusiyanın 12-ci maddəsi ölkəmizdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətimizin ali məqsədi olduğunu bəyan etmişdir.

İ.Məmmədzadə bildirdi ki, dekabrın 10-da 65 illiyini qeyd etməyə hazırlaşdığımız “Ümumdünya insan hüquqları Bəyannaməsi”nin BMT-nin “Minillik Bəyannamə”sinin, “İnsan hüquqlarının müdafiəsinə həsr olunmuş Ümumdünya Sammiti”nin Yekun Aktları dünyada insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə diqqətin artırılmasını dövlətlərin vacib prioritetləri sırasına daxil etmişdir. Buna görə də müstəqilliyin ilk konstitusiyasının referendum yolu ilə qəbul edilməsindən sonrakı mərhələdə, Azərbaycan Respublikasında insan hüquqlarının və azadlıqlarının müdafiəsi üzrə uzunmüddətli dövr üçün Milli Fəaliyyət Proqramları hazırlanıb təsdiq edilmişdir.

Tədbirdə “Azərbaycan Respublikası vətəndaşlarının sahibkarlıq hüququ” mövzusunda məruzə ilə çıxış edən Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri, professor Şahin Əliyev Azərbaycan dövlətinin insan hüquqlarının müdafiəsi sahəsində gördüyü işlər, həyata keçirdiyi tədbirlərin regional miqyasda mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.

Qeyd edildi ki, Azərbaycanda iqtisadi tərəqqi üçün əlverişli şəraitin yaradılması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ölkədə sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması, əhalinin sosial rifahının yüksəldilməsi daim dövlətin diqqət mərkəzindədir. Dövlət nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, yoxlamaların tənzimlənməsi vasitəsilə sahibkarların hüquqlarının qorunması, bu sahədə sui-istifadə hallarının qarşısının alınması təmin olunur.

Ş.Əliyev bildirdi ki, hər bir Azərbaycan vətəndaşı, o cümlədən sahibkarlar öz hüquqlarını yaxşı bilməlidir. Bunun üçün təkcə dövlətin deyil, hüquqşünasların da üzərinə böyük vəzifə düşür.

Sonra Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin “İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində qanunvericilik bazasının möhkəmləndirilməsində Milli Məclisin rolu”, Melikşah Universiteti hüquq fakültəsinin dekanı Murat Şenin “İnsan azadlıqlarının və hüquqlarının qorunması və sosial güvənlik”, BDU-nun Konstitusiya kafedrasının doktorantı Leyla Əliyevanın “Üçüncü nəsil insan hüquqlarının Azərbaycan Respublikası Konstitusiyasında təsbiti”, İnsan hüquqları üzrə müvəkkillik (Ombudsman) aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlının “İnsan hüquq və azadlıqlarının müdafiəsində Ombudsmanın rolu” və s. mövzularda məruzələr dinlənildi.

Məruzələr ətrafında geniş fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, iki gün davam edəcək konfrans çərçivəsində Türkiyə-Azərbaycan Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının təsis edilməsi, növbəti beynəlxalq tədbirlərin təşkili üçün İşçi qrupunun yaradılması nəzərdə tutulmuşdur.