Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Regionların innovativ sosial-iqtisadi inkişafı: reallıqlar və perspektivlər” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib
08.05.2015 07:49
  • A-
  • A
  • A+

“Regionların innovativ sosial-iqtisadi inkişafı: reallıqlar və perspektivlər” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, AMEA Elmi İnnovasiyalar Mərkəzinin, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının birgə təşçilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Regionların innovativ sosial-iqtisadi inkişafı: reallıqlar və perspektivlər” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.

Tədbirdə respublikanın 26 elm və təhsil müəssisəsindən olan alim və mütəxəssislər iştirak ediblər.

Konfransı giriş sözü ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, professor Hüseyn Qaraşov açaraq ulu öndər Heydər Əliyevin məqsədyönlü dövlətçilik siyasəti, ictimai həyatın bütün sahələrində həyata keçirdiyi uğurlu islahatların əhəmiyyətindən, xalqımızın həyat səviyyəsinin yüksəlməsinə yönəldilmiş məntiqli sosial-iqtisadi siyasətindən danışıb. Bildirib ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə “Milli innovasiya sisteminin formalaşması və idarə olunması” mövzusunda məruzə ilə çıxış edən Elmi İnnovasiyalar Mərkəzinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov bildirib ki, təməli dahi lider tərəfindən qoyulmuş və konseptual şəkildə müəyyən edilmiş, hazırda ölkə Prezidenti tərəfindən elmi əsaslarla həyata keçirilən Neft strategiyası sayəsində Azərbaycan nəinki regionun, MDB-nin lider dövlətlərindən birinə çevrilib.

A.Namazov qeyd edib ki,  Elmi İnnovasiyalar Mərkəzi öz fəaliyyət istiqamətləri üzrə bu sahədə elmi-tədqiqat işləri və araşdırmalar aparır, müxtəlif layihələri həyata keçirir.

Elmi İnnovasiyalar Mərkəzinin nəzdindəki Təhsil-Tədris Mərkəzinin direktoru, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev “Regionların innovasiya proqramının tərtibatı üzrə milli təcrübə” adlı məruzəsində qloballaşan dünyada Azərbaycanda regionların elmə və biliyə əsaslanan, rəqabətədavamlı innovasiya meylli iqtisadiyyatın təşkilinə ehtiyac olduğunu qeyd edib.

Konfransın ayrı-ayrı bölmələrində regionların sosial-iqtisadi inkişafına dair məruzələr dinlənilib, əsas diqqət yeni innovasiya infrastrukturunun yaradılmasına yönəldilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

 

 

 

 

  • Paylaş: