Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilib
08.05.2015 07:37
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilib

Mayın 5-də AMEA Naxçıvan Bölməsində “Heydər Əliyev lektoriyası”nın 65-ci məşğələsi keçirilib.

“Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu” mövzusunda keçirilən məşğələni giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirdi ki, ölkəmizin keçmiş sovetlər dövründə müttəfiq respublikalar içərisində qabaqcıl mövqeyə yüksəlməsi, daha sonra yenidən müstəqil dövlət kimi dünyanın geosiyasi xəritəsində inamla yer alması fenomenal şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Tarixi şəxsiyyət və ümummilli lider kimi Heydər Əliyev millətini, Vətənini fəlakətdən qurtarmış, ölkəmizə sabitlik və xalqımıza firavanlıq bəxş etmişdir. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”, – deyən dahi rəhbərin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib.

Daha sonra Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, dosent Emin Şıxəliyev çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, xalqımız qarşısındakı misilsiz xidmətləri haqqında ətraflı məlumat verib. Heydər Əliyevin dövlətçilik tariximizdə müstəsna yeri olduğunu söyləyən natiq azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi ulu öndərin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və müstəqilliyimizə nail olunduğunu qeyd etdi. O, əsası Heydər Əliyev tərəfindən qoyulan islahatların bu gün AR Prezidenti İham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı.

Qeyd edilib ki, bu gün Azərbaycan regionda lider dövlətlərdən və dünyada sürətlə inkişaf edən ölkələrdən biridir. Cənubi Qafqazda həlledici geosiyasi əhəmiyyətə malikdir. Azərbaycan həm də Şərqə və Mərkəzi Asiyaya açılan “geosiyasi pəncə­rə”dir. Bu gün respublikamızın inkişafı dünyanın aparıcı dövlətləri ilə müqayisə olunur, Azərbaycan siyasi, iqtisadi, hərbi baxımdan daha da güclənir, beynəlxalq aləmdə nüfuzumuz durmadan artır. Biz bütün bu nailiyyətlərə Heydər Əliyevin işıqlı yolunun uğurla davam etdirilməsi nəticəsində nail olmuşuq. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

  • Paylaş: