www.science.az
06.05.2015 10:52

Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin 92-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

AMEA Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə bu elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixi inkişafında müstəsna xidmətlərindən söz açıb. Qeyd edilib ki, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının taleyində misilsiz xidmətləri olan görkəmli dövlət xadimidir. Azərbaycan tarixinin 40 ili bu müdrik rəhbərin adı ilə bağlıdır.

G.Baxşəliyeva bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev Azərbaycanı böyük bəlalardan xilas edib, ölkəmizdə ictimai-siyasi əsayiş bərpa olunub, qısa zamanda yüksək iqtisadi inkişafın əsası qoyulub.

G.Baxşəliyeva ulu öndərin ölkənin həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söyləyib, onun 1993-cü ildə akademiyada Azərbaycan ziyalıları ilə keçirdiyi görüşünü, AMEA ilə bağlı sözlərini xatırladıb.

İnstitut direktoru bu gün görkəmli dövlət xadiminin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib, ölkəmizə gedən nəhəng quruculuq işlərinin, gündən-günə güclənən iqtisadiyyatımızın, sürətlə abadlaşan və inkişaf edən şəhər və rayonlarımızın, mədəniyyətə, elmə, səhiyyəyə göstərilən əvəzsiz qayğının bunun əyani təsdiqi olduğunu söyləyib.

Tədbirdə iqtisadiyyat üzrə elmlər doktoru Dünyamalı Vəliyev və başqaları çıxış edərək ümummilli liderin sovet dövründə və müstəqillik illərində respublikamızın, ölkə iqtisadiyyatının və elmimizin inkişafındakı tarixi xidmətlərindən söz açıblar.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir