Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Musa Rüstəmovun 85 yaşı tamam olur
07.05.2015 10:22
  • A-
  • A
  • A+

Akademik Musa Rüstəmovun 85 yaşı tamam olur

Mayın 8-də görkəmli alim, “Şöhrət” ordenli, Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri, akademik Musa Rüstəmovun anadan olmasının 85, elmi fəaliyyətinin 60 illiyi tamam olur.

Akademik Musa Rüstəmov 1930-cu il mayın 8-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunun Kimya-texnologiya fakültəsini bitirmiş, Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda mühəndis vəzifəsində elmi fəaliyyətə başlamışdır. 1959-1988-ci illərdə Azərbaycan Elmlər Akademiyası akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda kiçik və böyük elmi işçi, laboratoriya müdiri və elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. 1988-ci ildən 2011-ci ilə qədər həmin institutun direktoru olmuşdur. Hazırda bu elmi müəssisənin Neft və qazın kimyası və texnologiyası şöbəsinin müdiri vəzifəsində çalışır.

1961-ci ildə namizədlik, 1968-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1971-ci ildə professor elmi adına layiq görülmüşdür. 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1989-cı ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik Musa Rüstəmov neft emalının dərinləşməsi üçün heterogen katalitik proseslərin yaradılması sahəsində görkəmli alimdir. Onun rəhbərliyi altında yeni nəsil katalitik krekinq prosesi (Q-43-107 sistemi) yaradılmışdır. Bu yüksək səmərəli sistem keçmiş SSRİ-nin bir sıra zavodlarında və “Azərneftyanacaq” İB-də (indiki Heydər Əliyev adına NEZ) tətbiq olunmuşdur.

Akademik Musa Rüstəmovun rəhbərliyi altında respublikamızda hidrogen energetikası sahəsində ilk tədqiqat işləri aparılmış, enerji daşıyıcılarının respublikamızda gələcək istifadəsi konsepsiyası və Azərbaycan Neft emalı və Neft-kimya sənayesinin kompleks inkişaf sxemləri işlənib hazırlanmışdır. Alimin apardığı çoxcəhətli elmi tədqiqatların nəticələri 660-dan artıq elmi əsərdə, o cümlədən 4 monoqrafiyada öz əksini tapmışdır.

Elmi kadrların yetişdirilməsinə xüsusi diqqət yetirən akademik Musa Rüstəmovun rəhbərliyi ilə 15 elmlər doktoru və 49 fəlsəfə doktoru hazırlanmışdır.

Akademik Musa Rüstəmov Şərqi Avropa ölkələri akademiyalarının neft kimyası problemi üzrə birgə işlənilən katalitik və destruktiv izomerləşmə mövzusunun rəhbəri, Ümumdünya hidrogen energetikası üzrə Assosiasiyasının üzvü və 1976-1982-ci illərdə keçmiş SSRİ EA Rəyasət heyətinin hidrogen energetikası üzrə komissiyanın üzvü olmuşdur.

Akademik Musa Rüstəmov AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun nəzdində fəaliyyət göstərən “Neft Kimyası” və “Yanacağın kimyası və texnologiyası” üzrə elmlər və fəlsəfə doktorluq dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuranın üzvüdür.                

Akademik Musa Rüstəmov əldə etdiyi nailiyyətlərinə və elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərinə görə 1979-cu ildə “Azərbaycan SSR əməkdar elm xadimi”, 1982-ci ildə isə “Azərbaycan SSR Dövlət Mükafatı Laureatı” adlarına layiq görülmüşdür. 2004-cü  ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Azərbaycanın görkəmli alimini 85 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona uzun ömür, möhkəm can sağlığı, elmimizin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

  • Paylaş: