www.science.az
22.07.2015 12:12

www.science.az portalı müasir dövrün e-əkinçisidir

Azərbaycan mətbuatı bir əsrdən çox müddət ərzində mürəkkəb və keşməkeşli inkişaf yolu keçmiş, nəticə etibarilə bugünkü səviyyəyə gəlib çatmışdır. Hazırda Azərbaycanda onlarla qəzet və jurnal, telekanal, çoxsaylı İnternet saytları fəaliyyət göstərir.

140 illik tarixi olan mətbuatımız bir neçə mühüm mərhələni geridə qoymuşdur ki, onlardan birincisi məhz “Əkinçi” qəzetinin nəşri ilə başlamışdır. Belə ki, 1875-ci ildə bu qəzet ilə mətbuatımızın əsası qoyuldu. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu. Bu illər ərzində qəzetin 56 nömrəsi çıxmışdır. Mətbuatımızın qaranquşu sayılan “Əkinçi” cəhalətə və mövhumata ağır zərbə vurmaq, maarifçilik ideyalarını aşılamaq, ana dilində qəzet oxumaq missiyasını daşıyırdı.

“Əkinçi” qəzetinin nəşrindən uzun müddət keçdikdən sonra Azərbaycanın ictimai həyatında növbəti mühüm hadisə baş verdi. 1929-ci il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başladı. Həmin gün ölkə paytaxtının küçə və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı!” ifadəsi ətrafa yayıldı. Radionu təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz dinləyə bilirdilər. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.

Azərbaycan televiziyası isə radiodan 30 il sonra – 1956-cı il fevralın 14-də fəaliyyətə başladı. Bu, ölkənin mətbuat tarixində növbəti böyük bir mərhələnin başlanğıcı idi. 1957-ci ildən Azərbaycan televiziyası efirə həftədə 5 dəfə çıxmağa başladı və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırıldı. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artmışdı.

Nəhayət növbəti mətbu hadisə 1995-ci ildə baş verdi. Azərbaycanda ilk veb-sayt olan www.science.gov.az–ın fəaliyyətə başlaması ilə daha bir tarixi mərhələnin əsası qoyuldu. Bu ölkədə İnternet-medianın yaranması demək idi. Veb-sayt öncə www.ab.az adı altında istifadəyə verilmişdi. Portal ilk gündən səmərəli fəaliyyət göstərərək, ölkənin elmi ictimai həyatının dəqiq və dolğun işıqlandırılması yönündə mühüm rol oynamış, ölkədə fəaliyyət göstərən alim və mütəxəssislərin elmi nailiyyətlərinin dünya informasiya fəzasında tanınmasına geniş imkanlar yaratmışdır. AMEA və bütövlükdə respublika elmi ictimai mühitində baş verən yeniliklər portalın əməkdaşları tərəfindən operativ əldə edilərək ölkə ictimaiyyətinə çatdırılmışdır. İnternet-media sahəsində ilk və əvəzsiz xidmətlərini, mətbuat tariximizə gətirdiyi yenilikləri nəzərə alaraq demək olar ki, www.science.az portalı müasir dövrün elektron əkinçisidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.