Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Görkəmli türkoloq-alim, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin 65 yaşı tamam olur
26.03.2015 00:00
  • A-
  • A
  • A+

Görkəmli türkoloq-alim, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin 65 yaşı tamam olur

Martın 27-də görkəmli türkoloq-alim, Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunundirektoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin 65 yaşı tamam olur.

Əbülfəz Quliyev 1950-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olmuşdur. 1971-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirən alim təyinat üzrə Naxçıvanda 1 saylı orta məktəbdə işləmişdir. 1972-ci ildə yeni yaradılmış Naxçıvan Elm Mərkəzinə kiçik elmi işçi olaraq qəbul olmuşdur. 1973-cü ildən Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasında Azərbaycan dili müəllimi vəzifəsində çalışmışdır.

1979-cu ildə “Qədim türk Orxon-Yenisey yazılı abidələrində feilin təsriflənməyən formaları (Azərbaycan dili ilə müqayisədə)” mövzusunda namizədlik, 2003-cü ildə “Qədim türk onomastikasının leksik-semantik sistemi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 2006-cı ildə professor elmi adını almışdır.

2003-cü ildə ümummili lider Heydər Əliyevin Sərəncamı ilə yaradılmış AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru vəzifəsinə təyin olunmuşdur.

2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

2009-cu ildə “Əməkdar müəllim” fəxri adını almışdır.

Qədim türk yazılı abidələri, orta əsrlərdəki türk dilləri və abidələri, tarixi onomastika, dialektologiya sahələri üzrə tədqiqatlar aparmış alim 30 kitab, 300-dən artıq elmi məqalənin müəllifidir.

2005-ci ildə Azərbaycan Yazıçılar Birliyinə, həmçinin Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən İLESAM təşkilatına üzv qəbul olunmuşdur. Beynəlxalq “Türkologiya” jurnalı və AMEA “Xəbərlər” (dil, ədəbiyyat və incəsənət seriyası) jurnalının redaksiya şuralarının üzvüdür.

Görkəmli elm mücahidini 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, Ulu Tanrıdan ona uzun ömür, möhkəm can sağlığı, Azərbaycan elminin inkişafı yolunda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: