Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Misir Mədəniyyət Mərkəzinin direktoru AMEA-nın Mərkəzi Elmi Kitabxanasında olub
22.03.2015 00:00
  • A-
  • A
  • A+

Misir Mədəniyyət Mərkəzinin direktoru AMEA-nın Mərkəzi Elmi Kitabxanasında olub

Bakıdakı Misir Mədəniyyət Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami əl-Aydi AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.

Görüşdə kitabxananın direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanovabu qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib, ölkəmizin kitabxanaçılıq tarixində ən müasir proqram və sistemlərin ilk dəfə məhz burada tətbiq olunduğunu diqqətə çatdırıb.

Görüşdən məmnunluğunu bildirən Əhməd Sami əl-Aydi ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrindən söz açıb. İxtisasca azərbaycanşünas olduğunu bildirən alim Azərbaycanda təhsil aldığı müddətdə xatirələrindən, eləcə də Misirin qədim sivilizasiyası, tarixi və mədəniyyəti haqqında danışıb. Qonaq ölkəsinin muzey və arxivlərində Azərbaycan barədə kifayət qədər yazılı nümunələrin olduğunu söyləyib. Bunu müsbət qiymətləndirən L.İmanova gələcəkdə “Milli Rəqəmsal Yaddaş” bazası üçün bu məlumatların əhəmiyyətli olduğunu və informasiya mübadiləsi üçün zəruriliyini vurğulayıb.

Sonra misirli qonaq kitabxananın nadir kitablar fondu ilə tanış olub. Burada saxlanılan elmi və tarixi əhəmiyyətli nəşrlər, əlyazmalar, iri həcmli və miniatür kitablar barədə ona məlumat verilib.

Fikir mübadiləsi əsasında keçən görüşdə əməkdaşlığın perspektivlərindən danışılıb, gələcəkdə Misir Mədəniyyət Mərkəzi ilə kitabxana arasında əməkdaşlıq müqaviləsinin bağlanması və birgə tədbirlərin təşkili barədə təkliflər səsləndirilib.

Əhməd Sami əl-Aydi Misir mədəniyyətini əks etdirən tablonu və ərəb dilində olan jurnalları elektron variantları ilə birgə kitabxanaya hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: