Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən elmin təbliği istiqamətində işlər davam etdirilir
13.03.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən elmin təbliği istiqamətində işlər davam etdirilir

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının 2014-cü ildə start verdiyi qeyri-ənənəvi layihələrdən biri də “Bugünün şagirdi və sabahın alimi”dir. Təqdimatın digər adı “Əyləncəli elm”dir. Layihə çərçivəsində gənc tədqiqatçılar tərəfindən şagirdlərə eksperimental tədqiqatlar təqdim olunur. Qeyd edək ki, Gənc Alim və Mütəxəssislər Şurası bu istiqamətdə Şamaxı, Xaçmaz və digər rayonlarda yerləşən orta məktəblərdə maarifləndirici tədbirlər həyata keçiriblər.

Növbəti görüş martın 13-də Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Əliheydər Kazımov adına 228 saylı orta məktəbdə keçirilib.

Tədbirdə çıxış edən məktəbin direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Ələkbərov şura tərəfindən irəli sürülən təşəbbüsün əhəmiyyətindən, respublikada əsas elmi qurum kimi AMEA-nın elmin təbliği istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb. A.Ələkbərov bu cür maarifləndirici görüşlərin orta məktəb şagirdlərinin akademiyaya cəlb edilməsi, şagirdlərdə elmi-tədqiqat işlərinə marağın artırılması və yaradıcılıq fəaliyyətlərinin üzə çıxarılaraq inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib: “Təşviqata gənc alimlərin cəlb olunması düşünülmüş strategiyanın bariz təzahürü olmaqla yanaşı, həm də gələcək alimlərin stimullaşdırılmasında mühüm addımdır”.

Sonra çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov analoji layihənin ötən il digər orta məktəblərdə də təşkil edildiyini diqqətə çatdırıb. O, elmin əyləncəli formada nümayişini bu günün şagirdləri və gələcəyin alimlərində müəyyən düşündürücü təəssüratların yaradılması baxımından təqdirəlayiq hesab edib.

Son dövrlərdə elmi təqdimatın bu formasının dünyada xüsusi populyarlıq qazandığını söyləyən F.Salmanov layihənin gələcəkdə daha da genişləndiriləcəyini və ölkənin ən ucqar nöqtələrində yerləşən orta məktəblərdə gerçəkləşdiriləcəyini bildirib.

AMEA Aşqarlar Kimyası İnstitutunun AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev çıxışında bu cür layihələrin həyata keçirilməsində əsas məqsədin şagirdlərdə ilkin dünyagörüşünün formalaşdırılması, onlarda elmə marağın artırılması və AMEA üçün gələcək perspektivli kadrların yetişdirilməsi olduğunu qeyd edib.

Sonda AMEA Kataliz və Qeyri-üzvi Kimya və Fizika institutlarının gəncləri tərəfindən məktəblilərə müxtəlif elmi şoular təqdim edilib. Nümayiş olunan elmi şoular şagirdlər tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: