www.science.az
05.05.2015 00:00

“Böyük Vətən Müharibəsinin Qələbəsində alimlərin rolu” mövzüsünda Beynəlxlaq konfrans keçirilib

Mayın 5-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində Böyük Vətən Müharibəsində Qələbənin 70-ci ildönümünə həsr olunmuş “Böyük Vətən Müharibəsinin Qələbəsində alimlərin rolu” mövzüsünda Beynəlxlaq konfrans keçirilib.

Tədbir iştirakçıları ilk olaraq ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

İştirakçılar muzeyin foyesində nümayiş etdirilən sərgi ilə də tanış olublar.

Respublika Veteranlar Şurası və AMEA-nın birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, böyük Qələbənin 70 illik yubileyi Azərbaycanda da yüksək səviyyədə qeyd olunur. Bu məqsədlə “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər  Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti müvafiq Sərəncam imzalayıb.

Akademik A.Əlizadə tarixi Qələbənin qazanılmasında Azərbaycanın qəhrəman oğul və qızlarının misilsiz şücaətlərini, xüsusilə Bakı neftinin mühüm rolunu diqqətə çatdırıb. Bildirilib ki, müharibədə 600 mindən çox azərbaycanlı iştirak edib, onların təxminən 300 mini qanlı döyüşlərdə qəhrəmancasına həlak olub.

Akif Əlizadə qeyd edib ki, müharibə illərində Azərbaycanın elm xadimləri də misilsiz xidmətlər göstəriblər. 1941-ci ilin yayında Bakıda ilk hidrogen birləşmələri qrupu hazırlanıb. Məşhur kimyaçı alimlərimizin mühüm ixtiralarının olduğunu söyləyən AMEA rəhbəri böyük alim, akademik Yusif Məmmədəliyev tərəfindən ən yüksək oktanlı təyyarə benzini, donmayan motor və sürtkü yağları, Katyuşa silahı üçün xüsusi mərmilər və s. ixtira edildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan alimləri, həmçinin mühüm hərbi əhəmiyyəti olan xlorlu metal, azoktanlı benzindən hərbi əməliyyat üçün vacib olan toluol almaq texnologiyasını hazırlayıblar. Bütün bunlar Azərbaycanın böyük Qələbəyə verdiyi töhfələrdir.

Natiq bildirib ki, professor Mustafa Topçubaşov və onun tələbələri hərbi cərrahiyyədə yeni, səmərəli metodlar işləyib hazırlayıb, minlərlə yaralı döyüşçünü həyata qaytarıblar. İctimai və humanitar  elmlər sahəsində çalışan alimlər xalqın qəhrəmanlıq tarixindən, döyüş ənənələrindən bəhs edən əsərlər yaradıblar.

Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərdiyini qeyd edən AMEA rəhbəri ulu öndərin ideyalarının ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.

Akademik çıxışının sonunda 1941-1945-ci illər müharibəsində faşizm üzərində qələbəyə müstəsna töhfələr vermiş  Azərbaycan xalqını, veteran alimlərimizi və bütün müharibə veteranlarını təbrik edib və xalqımıza yeni qələbələr arzulayıb.

Sonra çıxış edən Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhrəmov müharibədə qazanılan böyük Qələbənin əhəmiyyətini vurğulayıb. Bildirib ki, 1941-ci ilin iyulunda Azərbaycan SSR-dən 40 min nəfər, o cümlədən neft sənayesində çalışan işçilərin 40 faizi cəbhəyə səfərbər olunub. Bakının 18 rayonunda xalq qoşunu dəstələrinə 6o mindən çox insan qoşulub və onlardan 20 rota təşkil edilib. Bütövlükdə 1941-45-ci illər müharibəsi dövründə respublikada təşkil olunmuş ümumi-hərbi təlim xətti ilə 60 mindən artıq döyüşçü hazırlanıb. 1941-1945-ci illərdə Azərbaycan SSR-dən orduya 700 minə yaxın adamın səfərbər olunduğunu söyləyən C.Bəhrəmov onların təxminən 11 min nəfərinin qadın olduğunu bildirib.

Qələbənin qazanılmasında Bakı neftinin rolunu xüsusi qeyd edən alim 1941-45-ci illərdə SSRİ-də 110 milyon ton neft hasil edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, onun  75,2 milyon tonu ölkəmizdə hasil edilib. Həmin illərdə cəbhəyə göndərilən yanacağın və sürtgü yağlarının 85-90 faizi Azərbaycan neft sənayesinin payına düşüb.

Direktor müavini bildirib ki, 1941-45-ci illərdə Cənubi Qafqaz dəmiryolunun Bakı şöbəsi cəbhənin və ölkə iqtisadiyyatının ehtiyaclarını ödəmək üçün 1 milyon 600 min vaqon, o cümlədən 480 min vaqona qədər quru yük və 500 min ton sistern neft məhsulları göndərib. Müharibə illərində Xəzər Dəniz Neft Gəmiçiliyi İdarəsi tərəfindən Bakıdan Krasnovodsk şəhərinə 35 neftdaşıyan dəmiryol sisterni daşınıb. Bu illərdə “Xəzərtanker” gəmisi vasitəsilə cəbhə üçün 2 miyon 400 min ton benzin daşınıb. Həmçinin, müharibə illərində Azərbaycan SSR-dən cəbhəyə 5 min 457 yük, 371 minik maşınları və 301 digər nəqliyyat  vasitələri səfərbər olub.

C.Bəhrəmov Azərbaycan xalqının müharibəyə maddi yardımının da misilsiz olduğunu deyib. Vurğulayıb ki, əhali 1941-1945-ci illərdə Dövlət Müdafiə Fonduna 853 kq qızıl, 952 kq gümüş, 311 milyon  manatlıq istiqraz verib. Eyni zamanda, cəbhəyə 1,6 milyon ədəd müxtəlif əşya, 125 vaqon isti paltar göndərilib.

Konfransda Veteranlar Şurasının sədri, general-mayor Dadaş Rzayev, Rusiya Elmlər Akademiyası (REA) S.İ.Vavilov adına Təbiət və Texnika tarixi İnstitutunun direktoru, təyyarəçi-kosmonavt, REA-nın müxbir üzvü Yuri Baturin, Gürcüstan Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Niko Cavaxşvili, Belarus Milli Elmlər Akademiyası Tarix İnstitutunun Yeni Belarus tarixi şöbəsinin müdiri, tarix elmləri namizədi Sergey Tretyak məruzələrlə çıxış ediblər. Məruzələrdə faşizm üzərində qələbənin keçmiş SSRİ və ümumiyyətlə Avropa xalqlarının taleyində oynadığı həlledici tarixi rol barədə məlumat verilib. Qələbənin qazanılmasında Bakı neftinin rolu xüsusi qeyd edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir