www.science.az
05.05.2015 00:00

AMEA-nın magistraturasına qəbul qaydaları barədə məlumat verilib

AMEA Rəyasət Heyətində akademiyanın magistraturasına qəbul aparılan ixtisaslaşmalar, müsabiqə şərtləri və təşkil olunacaq müsahibələrlə bağlı görüş keçirilib.

Görüşdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə bu qurumda magistratura təhsilinin yaradılmasının elm və təhsilin inteqrasiyası sahəsində ən mühüm nailiyyətlərdən olduğunu söyləyib, bu işin 2014-cü ildə bilavasitə ölkə rəhbərliyinin dəstəyi ilə reallaşdırıldığını diqqətə çatdırıb.

Akademik A.Əlizadə AMEA-nın 2015-2016-cı tədris ili üçün magistratura təhsilinin həyata keçirəcəyini bildirib, magistratura qəbuluna hazırlaşan institut rəhbərlərinə tövsiyələrini verib.

Sonra AMEA Rəyasət Heyəti aparatı Elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov akademiyanın magistraturasına qəbul aparılan ixtisaslaşmalar, müsabiqə şərtləri və keçiriləcək müsahibələr barədə məlumat verib. Bildirilib ki, 2015-2016-cı tədris ili üçün akademiyanın magistratura təhsilini həyata keçirəcək yeddi institutunda magistratura səviyyəsinin ixtisaslaşmalarına qəbul olunmaq istəyən bakalavrlar ixtisaslaşma seçimi etməzdən əvvəl AMEA-da müsahibədən keçməlidirlər. Bu məqsədlə, magistraturaya qəbul olunmaq istəyən bakalavrlar üçün müsahibə təşkil ediləcək. AMEA-nın magistraturasına bakalavrların seçilməsi üçün institutlarda yaradılmış müsahibə komissiyaları prosesə nəzarət edəcək. Müsahibədə iştirakçılara institutların fəaliyyət istiqamətləri və potensial imkanları barədə məlumat da veriləcək.

Qeyd edilib ki, qəbul aparılan ixtisaslaşmalar, müsabiqə şərtləri, müsahibənin keçiriləcəyi tarix və ünvanlar barədə məlumatlar AMEA-nın və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi saytlarında yerləşdirilib. Müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılacaq. Tələbə qəbulu yalnız dövlət sifarişi əsasında aparılır və təhsil əyani formada həyata keçirilir.

Tədbirdə AMEA-nın magistraturaya qəbul elanını əks etdirən videoçarx göstərilib, iştirakçıların sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir