www.science.az
13.03.2015 00:00

AMEA Naxçıvan Bölməsində görkəmli ədəbiyyatşünas alim Əziz Şərifin 120 illik yubileyi qeyd edilib

Martın 12-də AMEA Naxçıvan Bölməsində görkəmli ədəbiyyatşünas alim Əziz Şərifin 120 illik yubileyinə həsr olunmuş “Görkəmli pedaqoq və elm xadimi” mövzusunda elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev Əziz Şərifin zəngin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, alimin ədəbiyyatşünalıq sahəsindəki xidmətlərini yüksək qiymətləndirib.

Qeyd edilib ki, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Şərifin XX əsr Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafında böyük xidmətləri vardır. Professor Əziz Şərif ölkəmizdə və onun hüdudlarından kənarda görkəmli ədəbiyyatşünas, fədakar tərcüməçi və publisist kimi şöhrət qazanmışdır. Onun adı son yüz ilin adlı-sanlı Azərbaycan ziyalıları arasında xüsusi iftixarla çəkilir. Ədəbiyyatımızın və elmimizin dünyada təbliği istiqamətində ədibin müstəsna xidmətləri vardır.

Bildirilib ki, Naxçıvan şəhərində dünyaya göz açan Əziz Şərif burada məşhur maarifçi Məhəmməd Tağı Sidqinin rəhbərlik etdiyi “Tərbiyə” məktəbində təhsil almışdır. Gənc Əziz Şərifin 1905-ci ildə Tiflisə gedərək atası Qurbanəli Şərifzadənin yaxın dostu və məsləkdaşı Cəlil Məmmədquluzadənin ailə mühitində övlad səviyyəsində təmsil edilməsi onun gələcək taleyi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Cəlil Məmmədquluzadənin evində təşkil olunmuş pansionda dərs oxuyub maariflənməsi, mollanəsrəddinçilərlə tanışlığı Əziz Şərifin sonrakı elmi fəaliyyətinin müəyyən edilməsində mühüm rol oynamışdır.

Sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun “Azərbaycan memuar janrının ustadı” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi Əziz Şərifin gündəliklərinin və xatirələrinin Naxçıvan Muxtar Respublikasının o dövrdəki ictimai-siyasi və mədəni mühitinin mənzərəsini öyrənmək baxımından əhəmiyyətli mənbə olduğunu qeyd edib.

Konfransda filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi Hüseyn Həşimli“Əziz Şərifin yaradıcılığında tərcümə məsələləri”, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Rafiq Babayev “Mirzə Cəlilin Sadiq müridi”, Ədəbiyyatşünaslıq şöbəsinin elmi işçisi Aygün Orucova “Mollanəsrəddinçilikdən Mollanəsrəddinşünaslığa” adlı məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.