Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“NATO-nun Uels Sammitindən sonra Şimali Atlantika İttifaqı və tərəfdaş ölkələr arasında əməkdaşlıq” mövzusunda Beynəlxalq konfrans keçirildi
19.03.2015 00:00
  • A-
  • A
  • A+

“NATO-nun Uels Sammitindən sonra Şimali Atlantika İttifaqı və tərəfdaş ölkələr arasında əməkdaşlıq” mövzusunda Beynəlxalq konfrans keçirildi

Martın 19-da “JW Marriott Absheron” otelində AMEA-nın İnsan Hüquqları İnstitutu, NATO-nun Azərbaycandakı Nümayəndəliyi və Rumıniyanın Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə “NATO-nun Uels Sammitindən sonra Şimali Atlantika İttifaqı və tərəfdaş ölkələr arasında əməkdaşlıq” mövzusunda Beynəlxalq konfrans keçirildi.

Tədbirdə Milli Məclisin deputatları, Fövqaladə Hallar, Müdafiə, Milli Təhlükəsizlik, Azərbaycan Respublikası Hərbi və Baş Prokurorluğu, Daxili və Xarici İşlər, eləcə də digər nazirlik və komitələrin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, alimlər və KİV nümayəndələri iştirak edirdilər.

Konfransı giriş nitqi ilə AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru Aytən Mustafayeva açaraq, ölkəmizin beynəlxalq təşkilatlara getdikcə genişlənməkdə olan inteqrasiyasından, Azərbaycan-NATO əlaqələrinin əhəmiyyətindən, Cənubi Qafqaz geostrateji məkanında yerləşən dövlətlərin təhlükəsizlik problemlərindən və bu regionun Şimali Atlantika təşkilatı üçün oynadığı roldan danışdı.

Konfransın I bölməsində Azərbaycan və NATO əlaqələrinin əhəmiyyəti, Şimali Atlantika İttifaqı və tərəfdaş ölkələr arasındakı əməkdaşlığın perspektivlərindən bəhs edildi.

Tədbirdə NATO-nun baş ofisi, siyasi məsələlər və təhlükəsizlik şöbəsinin müdiriSteffen Elgersmanın “Müasir dünyada Azərbaycan-NATO əlaqələri” mövzusunda məruzəsi dinlənildi.

AR Xarici İşlər Nazirliyinin Sülh naminə tərəfdaşlıq şöbəsinin rəhbəri Esmira Cəfərova Azərbaycan-NATO tərəfdaşlıq perspektivləri, AR Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov Uels Sammitindən sonrakı dövrdə Azərbaycanla NATO arasında hərbi əməkdaşlıq məsələlərindən bəhs etdilər, DİN Polis Akademiyasının polkovnik-leytenantı Vasif Nəcəfov isə “Uels Samimitinin Əfqanıstan üzrə bəyannaməsinin həyata keçirilməsi xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış etdi.

Konfransın II bölməsində NATO-nun Cənubi Qafqaz üzrə zabit-kordinatoruVilliam Lahue və Böyük Biritaniyanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq öz çıxışlarında NATO-nun Qafqazda tərəfdaş ölkələrlə əlaqəsi, eləcə də NATO-nun Uels Sammiti gündəliyinin həyata keçirilməsi məsələlərinin həlli istiqamətində təhlillər apardılar. Bu bölmədə, həmçinin AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirli NATO müstəvisində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli imkanlarından bəhs etdi, bugünkü əməkdaşlığın gələcək üçün yaradacağı imkanlardan söz açdı.

Tədbirdə Azərbaycan, Şimali Atlantika İttifaqı və tərəfdaş ölkələr arasında əməkdaşlığın bir sıra aspektləri ətrafında geniş fikir mübadiləsi aparıldı, iştirakçılar müzakirə olunan məsələ ilə bağlı təklif və mülahizələrini səsləndirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: