www.science.az
18.03.2015 00:00

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akademik Fəraməz Maqsudovun 85 illik yubileyi qeyd edildi

Martın 18-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Əməkdar elm xadimi, ictimai-siyasi xadim, akademik Fəraməz Maqsudovun 85 illik yubileyinə həsr edilmiş tədbir keçirildi.

Öncə institut əməkdaşları Fəxri Xiyabana gələrək görkəmli alimin məzarını ziyarət etdilər, məzarı önünə əklil və gül dəstələri qoydular.

Tədbiri giriş sözü ilə açan bu elmi müəssisənin direktoru, professor Misir Mərdanov görkəmli alimin keçdiyi 70 illik həyat yolu, yaradıcılığı, elmi və ictimai-siyasi fəaliyyəti və riyaziyyat elminə verdiyi böyük töhfələrdən söz açdı. Bildirdi ki, Fəraməz Maqsudov martın 20-si 1930-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini riyaziyyat ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, elə həmin ildən EA Fizika-Riyaziyyat İnstitutunda fəaliyyətə başlamışdır.

M.Mərdanov bildirdi ki, alimin uşaqlıq və gənclik illərində riyaziyyat, fizika kimi dəqiq elmlərlə yanaşı, tarixə, ədəbiyyata, poeziyaya olan dərin marağı onun gələcəkdə Azərbaycan elminin görkəmli nümayəndəsi kimi dünyagörüşünün formalaşmasında xüsusi rol oynamışdır. F.Maqsudov 1976-ci ildə Elmlər Akademiyasının müxbir üzvü, 1980-cı ildə həqiqi üzvü və 1997-ci ildə isə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycan Elmlər Akademiyasının prezidenti seçilmişdir. Respublikada elmin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə “Əməkdar elm xadimi” adına layiq görülmüş, “Xalqlar dostluğu” ordeni ilə təltif olunmuşdur.

Sonra çıxış edən professor Məmməd Bayramoğlu akademik F.Maqsudovun həyatı və elmi fəaliyyəti haqqında ətraflı məlumat verdi. Alimin fitri istedadı ilə riyaziyyat elmi sahəsində böyük işlər gördüyünü, uzun illər EA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın prezidenti kimi fəaliyyət göstərdiyini, bütün bunlarla yanaşı, respublikada gedən ictimai-siyasi proseslərdə öz prinsipial mövqeyini bildirən insanlardan olduğunu qeyd etdi: “F.Maqsudov Azərbaycanda funksional analiz sahəsində yeni bir dövrün bünövrəsini qoymuş, spektrində kəsilməz komponenti olan operatorlar dəstəsinin geniş sinfi üçün spektral nəzəriyyənin banisi hesab edilirdi”.

Tədbirdə çıxış edən professorlar Nadir SüleymanovƏkbər Əliyev, Musa İlyasov, riyaziyyat üzrə fəlsəfə doktoru Əli Babayev və başqaları akademiklə bağlı xatirələrini bölüşərək F.Maqsudovun əziz xatirəsinin onu tanıyanların qəlbində daim yaşayacağını bildirdilər.

Sonda çıxış edən akademikin nəvəsi Elxan Məmmədxan babasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçıları və iştirakçılarına dərin minnətdarlığını bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.