Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Rəyasət Heyətində innovasiya ilə bağlı seminar keçirilib
17.03.2015 00:00
  • A-
  • A
  • A+

Rəyasət Heyətində innovasiya ilə bağlı seminar keçirilib

Martın 17-də AMEA Rəyasət Heyəti aparatında İnnovasiya şöbəsinin təşəbbüsü ilə seminar keçirildi.

İkigünlük seminardan öncə akademiya ilə tanışlıq, aparatın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayevlə görüş oldu.

Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin rəisi, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Vüqar Babayev AMEA-nın inkişaf strategiyaları, təklif olunan İnnovasiya Fondu, Biznes İnkubator və texnoparkın yaradılması barədə iştirakçılara məlumat verdi, AMEA-nın bu sahədə gördüyü işlərdən danışdı.

Sonra Türkiyəli professor, Erciyes Texnoparkının direktoru Bilgin Yazlık seminarda Türkiyənin təcrübəsindən bəhs edən təqdimatla çıxış etdi. Seminarda TÜBİTAK-ın akademik layihələrə maliyə dəstəyi ayırmasından, dövlətin bu sahəyə qayğısından, alimlərin müxtəlif tipli müəssisələrlə birgə layihələrində hər iki tərəfin maraqları və alimin tədqiqatı qorunmaqla əməkdaşlığın inkişaf etdirilməsindən, düzgün strategiyadan istifadə etməklə bu sahədə daha çox patent almağın mümkünlüyündən danışıldı. Professor müxtəlif əlverişli yollar araşdırılmaqla rəhbəri olduğu texnopark əsasında Azərbaycanda yeni texnoparklar modeli yaratmağı təklif etdi.

Tədbirdə Elmi İnnovasiyalar Mərkəzinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov, akademiyanın elmi müəssisə və təşkilatlarının innovasiya üzrə məsul şəxsləri, eləcə də Erciyes Texnoparkının direktor müavini Səlahəddin Gönülatəş fikir mübadiləsi apararaq innovativ-istehsalat kompleksi olan bu parkların elmi nailiyyətləri sərgiləmək baxımından xüsusi əhəmiyyətə malik olduğunu bildirdilər. Bu sahənin inkişafı istiqamətində müxtəlif təkliflərin hazırlanmasının vacibliyini vurğuladılar.

Növbəti görüşlərdən birində Erciyes Texnoparkı ilə anlaşma memorandumunun, tədbirlər planının hazırlanmasının nəzərdə tutulduğu bildirildi.

Daha sonra qonaqlar üçün AMEA Təcrübə-Sənaye Zavodu ilə tanışlıq məqsədilə ekskursiya təşkil edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: