www.science.az
16.03.2015 00:00

AMEA-nın Fəxri üzvü, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Jores Alfyorovun 85 yaşı tamam olub

Görkəmli alim, yarımkeçiricilər fizikası, yarımkeçiricilər və kvant elektronikası sahəsi üzrə tanınmış mütəxəssis Jores İvanoviç Alfyorov 15 mart 1930-cu ildə Vitebsk (Belarus) şəhərində anadan olmuşdur.

1952-ci ildə V.İ.Ulyanov (Lenin) adına Leninqrad (Sankt-Peterburq) Elektrotexnika İnstitutunu bitirmiş, 1953-cü ildə əmək fəaliyyətinə SSRİ EA A.F.İoffe adına Fiziki-Texnika İnstitutunda mühəndis olaraq başlamışdır. Görkəmli alim həmin müəssisədə sektor müdiri (1967-1973), laboratoriya müdiri (1973-1990) vəzifələrində çalışmış, 1987-ci ildən isə bu elm ocağının direktoru təyin edilmişdir. 1989-1991-ci illər ərzində SSRİ EA Leninqrad Elmi mərkəzinin RH-ın sədri, 1991-ci ildən indiyə kimi REA Sankt-Peterburq Elmi mərkəzinin RH-ın sədri, 25 aprel 1990-cı ildən isə REA-nın vitse-prezidentidir.

1972-ci ildən Ümumi Fizika və Astronomiya (fizika) Bölməsi üzrə müxbir üzv, 1979-cu ildən Ümumi Fizika və Astronomiya (fizika, astronomiya) Bölməsi üzrə akademik seçilmişdir.

Yarımkeçiricilər, heterokeçid və onların əsasında cihazların yaradılması sahəsindəki əməyinə görə Lenin (1972) və SSRİ Dövlət mükafatlarına (1984) layiq görülmüşdür.

Alim, həmçinin fizika sahəsi üzrə Nobel mükafatı laureatıdır (2000).

500-dən çox elmi əsər, 3 monoqrafiya və 50 ixtiranın müəllifi olan J.Alfyorov tərəfindən texnoloji tədqiqatların əsasına yarımkeçiricinin fundamental parametrlərini idarə etməyə imkan verən epitaksial metodlar qoyulmuşdur.

J.İ.Alfyorov 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri xarici üzvü seçilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.