Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Biologiya Problemləri üzrə Elmi Şuranın iclasında bir sıra məsələlər müzakirə edilib
16.03.2015 00:00
  • A-
  • A
  • A+

Biologiya Problemləri üzrə Elmi Şuranın iclasında bir sıra məsələlər müzakirə edilib

Martın 13-də AMEA Botanika İnstitutunun laboratoriya korpusunda Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Elmi Şurasının Botanika və Zoologiya seksiyalarının geniş tərkibdə iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan Elmi Şuranın sədr müavini, akademik İradə HüseynovaŞuraya daxil olan dissertantların elmi-tədqiqat işlərinin mövzuları, elmi rəhbərləri və məsləhətçiləri barədə məlumat verib. Qeyd olunub ki, dissertasiya mövzularının seksiyalarda ixtisasçı alimlər tərəfindən hərtərəfli müzakirə olunması vacib məsələdir. Bu istiqamətdə müzakirələrin aparılması Biologiya Problemləri üzrə Elmi Şurada prioritet sahələrin qiymətləndirilməsinə, tədqiqat işlərinin düzgün istiqamətləndirilməsinə, təkrarçılığın aradan qaldırılmasına və mövzuların daha tez təsdiq edilməsinə imkan verir.

Tədbirdə 2014-cü ildə uyğun seksiyalar üzrə yeni qəbul olunmuş dissertantların mövzularının müzakirəsi aparılıb. Seksiya üzvləri müzakirələrdə fəal iştirak edərək, fikir və təkliflərini səsləndiriblər. Müzakirələr zamanı bir çox dissertasiyaların adları müəyyən redaktələr olunmaqla təsdiq edilib, bəzi mövzular isə lazımi dəyişikliklərin edilməsi məqsədilə institutların Elmi Şuralarına göndərilib.

Biologiya Elmləri üzrə Problem Şurasının Botanika və Zoologiya Seksiyalarının rəhbərlərinə və üzvlərinə elmi-tədqiqat işlərinin mövzularının verilməsi və müzakirəsinə daha ciddi yanaşılması tövsiyyə edilib. Müzakirələrdə Biologiya Problemləri üzrə Elmi Şuranın elmi katibi, AMEA-nın müxbir üzvü Pənah Muradov, Botanika seksiyasının sədri, AMEA-nın müxbir üzvü Maqsud Qurbanov, AMEA Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə, Botanika seksiyasının sədr müavini, professor Səyyarə İbadullayeva, Zoologiya seksiyasının sədri, b.ü.e.d. Zəkəriyyə Məmmədov və başqaları iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: