www.science.az
11.03.2015 00:00

Görkəmli nəzəriyyəçi alim Arif Hacıyevin 80 illik yubileyi qeyd edilib

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında ədəbiyyatşünas alim, tənqidçi, görkəmli nəzəriyyəçi Arif Hacıyevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görkəmli alimin həyat və yaradıcılığı ilə bağlı geniş məzmunlu məruzə ilə çıxış edib. Ədbiyyatşünas alim Arif Hacıyevin istər klassik Azərbaycan ədəbi irsinin və yeni dövr ölkə ədəbiyyatının, istərsə də rus və Avropa ədəbi-nəzəri fikrinin dərin bilicisi olduğunu qeyd edən akademik İsa Həbibbəyli onun realist və romantik yaradıcılıq tipləri haqqında konseptual müddəalarının müasir ədəbiyyatşünaslıqda bir yenilik kimi qəbul edildiyini diqqətə çatdırıb.

Akademik bidirib ki, bu gün Azərbaycan ədəbiyyatının mərhələlərinin yenidən dəqiqləşdirilməsinə böyük ehtiyac vardır. Lakin bu yeni yanaşmanı Arif Hacıyevin irsinə müraciət etmədən həyata keçirmək qeyri-mümkündür. Akademik İsa Həbibbətli görkəmli alimin klassik ədəbiyyat, ədəbi əlaqələr, ədəbi tənqid sahəsində bir çox fundamental əsərlərin müəllifi olduğunu qeyd edib: “Əminliklə demək olar ki, Arif Hacıyevin elmi yaradıcılığının əsas qayəsini ədəbiyyat nəzəriyyəsi təşkil edirdi”.

Sonra çıxış edən Milli Məclisin deputatı Elmira Axundova Arif Hacıyevi görkəmli pedaqoq kimi xatırladığını qeyd edib. Vurğulayıb ki, bir çox Azərbaycan gənclərinin elmə gəlməsində, alim kimi yetişməsində Arif müəllimin böyük zəhməti olmuşdur. Qeyd olunub ki, o zaman Sovetlər Birliyinin bir çox tanınmış elm xadimləri Arif Hacıyevlə mütəmadi yazışır, daimi əlaqə saxlayırdılar.

Tədbirdə filologiya üzrə elmlər doktorları Aida Feyzullayeva, Nailə Muradəliyeva, Sara Osmanlı, Rafiq Novruzov və başqaları məruzələrlə çıxış edərək Arif Hacıyevin Azərbaycan ədəbiyyatşünaslığındakı əvəzolunmaz yeri, bir şəxsiyyət kimi özünəməxsus xüsusiyyətləri, vətənpərvər ziyalı obrazı haqqında əhatəli məlumat veriblər. Bildirilib ki, Arif Hacıyevin elmi irsi bu gün də öz aktuallığını saxlamaqdadır. Onun elmi irsinin tədqiqi və öyrənilməsi ədəbiyyatşünaslıq elmimizin daim diqqət mərkəzində olmalıdır.

Sonda görkəmli alimin ailəsi adından çıxış edən həyat yoldaşı Rəfiqə xanım Hacıyeva tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bidirib.

Tədbir çərçivəsində ədəbiyyatşünas alimin həyat və yaradıcılığını əks etdirən foto-slaydlar nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.