www.science.az
06.03.2015 00:00

AMEA-nın elmi müəssisə və təşkilatlarında e-elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

AMEA Rəyasət Heyəti AMEA-nın elmi müəssisə və təşkilatlarında elektron elmin monitorinqi haqqında Sərəncam imzalamışdır.

Azərbaycan Respublikası Prezidentinin 02 aprel 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” bütün digər sahələrlə yanaşı, Azərbaycan elmi qarşısında da mühüm vəzifələr qoymuşdur. Bu vəzifələrdən biri “Elektron Azərbaycan”ın tərkib hissəsi olaraq elektron elmin formalaşdırılmasıdır. Son zamanlar AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri kimi e-elmin elmi-nəzəri əsasları geniş tədqiq olunur, onun şəbəkə platforması olan AzScienceNet elm kompüter şəbəkəsinin infrastrukturu inkişaf etdirilir, AMEA-nın elmi müəssisə və təşkilatlarının bu şəbəkə ilə əhatə olunması, xidmətlərindən istifadəsi və beynəlxalq elmi mühitə inteqrasiyası işləri uğurla davam etdirilir.

AMEA-nın elmi müəssisə və təşkilatlarında İKT ilə təminatın vəziyyətini analiz etmək, qiymətləndirmək, rəqəmsal fərqləri aşkarlamaq, növbəti dövr üçün e-elmin fəaliyyət prioritetlərini müəyyənləşdirmək, həmçinin nəticələrin AMEA-nın 2014-cü il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş Ümumi yığıncağına təqdim etmək məqsədi ilə monitorinq keçirilməsi haqqında qəbul edilmiş bu qərar ölkədə uğurla həyata keçirilən İnformasiya Cəmiyyəti quruculuğuna böyük dəstək olacaqdır.

Monitorinqin təşkili və nəticələri əsasında hesabatın hazırlanması AMEA-nın İnformasiya Texnologiyaları İnstitutuna tapşırılmışdır.

Monitorinq forması www.science.az və www.ict.az saytlarında yerləşdirilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.