Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Telman Əliyevin 80 yaşı tamam olur
01.05.2015 00:00
  • A-
  • A
  • A+

Akademik Telman Əliyevin 80 yaşı tamam olur

Mayın 2-də informatika sahəsində görkəmli alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevin 80 yaşı tamam olur.

Telman Əliyev 1935-ci il mayın 2-də Göranboy şəhərində anadan olmuşdur. 1958-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmiş, 1966-cı ildə "Hesablama texnikası" ixtisası üzrə fəlsəfə doktoru, 1977-ci ildə N.Bauman adına Moskva Dövlət Texniki Universitetində “İnformasiya nəzəriyyəsi və texniki kibernetika” ixtisası üzrə elmlər doktoru elmi dərəcəsini, 1985-ci ildə professor elmi adını almışdır. 1983-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə həqiqi üzvü seçilmişdir.

Əmək fəaliyyətinə 1958-ci ildə Hesablama Mərkəzində başlayan alim 1962-ci ilə qədər texnik, mühəndis, böyük mühəndis vəzifələrində çalışmışdır. 1965-1982-ci illərdə Kibernetika İnstitutunda baş mühəndis, kiçik,  böyük elmi işçi, EHT şöbə və laboratoriya rəhbəri, 1982-1984-cü illərdə elmi işlər üzrə direktor müavini vəzifələrində işləmişdir. 1984-88-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda kafedra müdiri olmuşdur. 1988-ci ildən AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsində çalışır. 1997-2001-ci illərdə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi olmuşdur.

1958-1960-cı illərdə keçmiş SSRİ-nin başqa respublikalarından xeyli əvvəl “Elektron hesablayıcı maşınlar”  laboratoriyasının yaranmasının əsas təşkilatçısı və 1976-cı ilədək rəhbəri kimi Azərbaycanda informatikanın sürətlə inkişafına həlledici təsir göstərmişdir.

Akademik Telman Əliyev tərəfindən siqnalların robast analizi texnologiyaları və nəzəriyyəsi, stoxastik proseslər üçün identifikasiyanın, tanınmanın və diaqnostikanın adekvatlığını təmin etməyə imkan verən nəzəriyyə və texnologiyaları, siqnalların küylərinin faydalı informasiya daşıyıcıları kimi analizi texnologiyası və nəzəriyyəsi, dövrü küylü siqnalların mövqeli-binar analizi texnologiyası və nəzəriyyəsi yaradılmışdır.

Alim texniki obyektlərdə “qəzaların gizli dövrünü monitorinq etməyə imkan verən noise texnologiyalarının və sistemlərinin” yaradılmasının nəzəri əsaslarını təklif etmişdir. Yaradılmış sistem Heydər Əliyev adına Neftayırma zavodunda, Şirvan OİL şirkətində, Balaxanı Neftqazçıxarma idarəsində tətbiq edilmişdir. 2013-cü ildə Bibiheybət neft-qazçıxarma idarəsinin 35 obyektində dərinlik neftçıxarma avadanlıqlarının məsafədən diaqnostikasını və idarə edilməsini təmin edən, rentabelliyi 2 dəfəyə qədər  artırmağa imkan verən yeni nəsil “robast noise monitorinq sistemi”nin eksperimental variantı tətbiq edilmişdir.

463 elmi əsər, o cümlədən 14 monoqrafiya və 77 patentin müəllifidir. Onun rəhbərliyi ilə 9 elmlər və 35 fəlsəfə doktoru hazırlanmışdır.

Akademik Telman Əliyev 1991-ci ildə Keldış adına medalla, 1997-ci ildə "Qırmızı ulduz" medalı, 2004-cü ildə “Şöhrət ordeni” ilə təltif olunmuş, 2009-cu ildə “Əməkdar elm xadimi” adına layiq görülmüşdür.

Aprelin 29-da keçirilmiş AMEA-nın illik Ümumi yığıncağında akademik Telman Əliyev Nəsirəddin Tusi adına mükafatla təltif edilmişdir.

Azərbaycanın informatika sahəsində görkəmli alimini 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona uzun ömür, möhkəm can sağlığı, elmimizin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: