Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Elmin İnkişafı Fondu “Qarabağ tədqiqatları” üzrə VII “Mobillik qrantı” müsabiqəsinin nəticələrini açıqlayıb
25.04.2015 00:00
  • A-
  • A
  • A+

Elmin İnkişafı Fondu “Qarabağ tədqiqatları” üzrə VII “Mobillik qrantı” müsabiqəsinin nəticələrini açıqlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ölkədə Qarabağla bağlı aparılan elmi-tədqiqatların stimullaşdırılması, regional və beynəlxalq səviyyədə araşdırmaların yüksək səviyyədə təmin edilməsi, Qarabağın tarixi, alban kilsələri və digər tarixi abidələrlə bağlı tədqiqatların aparılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, azərbaycanlılara qarşı soyqırımların, erməni təcavüzlərinin araşdırılması və bu barədə həqiqətlərin elmi əsaslarla dünya ictimaiyyətinə çatdırılmasının təmin edilməsi və Azərbaycan alimlərinə xarici ölkələrin arxivlərində işləmək imkanı yaradılması məqsədi ilə keçirilmiş “Qarabağ tədqiqatları” üzrə VII xüsusi “Mobillik qrantı” müsabiqəsinin nəticələrini açıqlayıb. Müsabiqə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev tərəfindən 2014-cü il 25 noyabr tarixində təsdiq edilmiş “Erməni diasporuna qarşı effektiv mübarizə tədbirlərinin və koordinasiya işinin gücləndirilməsinə dair” Fəaliyyət Planına uyğun olaraq keçirilib. 

On min manatadək qrantların verilməsi yolu ilə alimlərin xarici ölkələrin arxivlərində işləmək üçün icra müddəti bir ayadək olan layihələrinin maliyələşdirilməsi nəzərdə tutulur.

6 qalib layihə üzrə AMEA-nın Şərqşünaslıq, Tarix  və Folklor institutlarından, həmçinin Bakı Dövlət Universitetindən olan təcrübəli alimlər Türkiyə və Rusiyanın arxivlərində aşağıdakı mövzular üzrə araşdırmalar aparacaqlar:

“1905-1920-ci illərdə Qarabağda ermənilər tərəfindən törədilən qırğınlar Osmanlı arxiv sənədlərində”

“1829-1830-cu illərdə ermənilərin Osmanlı imperiyasından Şimali Azərbaycan torpaqlarına köçürülməsi”

“Qarabağ komendantı (Xan qızı Xurşudbanu Natəvanın həyat yoldaşı) general Usmiyevin Qarabağdakı fəaliyyətinin Dağıstanda araşdırılması”

“Erməni soyqırımı: sənədlər və faktlar”

“Birinci Dünya müharibəsi illərində Rusiya-erməni əlaqələri və Qarabağda erməni terroru”

“Birinci Dünya müharibəsi illərində ermənilərin Şərqi Anadoluda və Qarabağda törətdikləri qətliamlar arasında təşkilati əlaqəyə dair" 

Layihə üzrə nəticələrin seminar şəklində təqdimatı və kitab şəklində nəşri planlaşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: