www.science.az
23.04.2015 00:00

AMEA Gənc Alim və Mütəxəssislərinin II Futbol Çempionatının qrup oyunlarına start verilib

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının dəstəyilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Gənc Alim və Mütəxəssislərin II Futbol Çempionatına start verilib.

Akademiya Şəhərciyində yerləşən stadionda baş tutan açılışda şuranın sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov II çempionatın başlaması münasibətilə komandaları təbrik edib. Çempionatın ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmasının təsadüfi olmadığını söyləyən sədr ulu öndərin hakimiyyəti dövründə Azərbaycanın bütün sahələrində, o cümlədən idmanda qazanılan nailiyyətlərdən bəhs edib. Qeyd edib ki,  son illər bu sahadə əldə olunan uğurlar, eləcə də Bakının bir sıra beynəlxalq statuslu idman yarışlarına, həmçinin yeni start götürəcək “Bakı Avropa Oyunları – 2015”ə ev sahibliyi etməsi ümummilli liderin siyasi xəttinin məntiqi davamıdır.

Daha sonra AMEA İşlər İdarəsinin müdir müavini Sərdar Əliyev, Azad Həmkarlar İttifaqının sədri, professor İsa Alıyev və şəhərciyin direktoru Nazim Sadıqov çıxış edərək komandalara uğurlar arzulayıblar.

AFFA-nın peşəkar hakimləri tərəfindən idarə olunan açılış oyununda ilk olaraq meydana I Futbol Çempionatının qalibi Geologiya və Geofizika İnstitutunun komandası ilə Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun komandası çıxıb. Riyaziyyat və Mexanika, İqtisadiyyat, Genetik Ehtiyatlar, İnformasiya Texnologiyaları, Fizika institutları, Təcrübə-Sənaye Zavodu və elmi-tədqiqat müəsissələrinin komandaları qrup oyunlarında mübarizəyə qoşulublar.

<i>© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.</i>