www.science.az
22.04.2015 00:00

Akademik İradə Hüseynova Ümumdünya konqresində iştirak edəcək

AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin Bioadaptasiya laboratoriyasının müdiri, akademik İradə Hüseynova 10-12 avqust 2015-ci ildə Böyük Britaniyanın paytaxtı London şəhərində yoluxucu xəstəliklər üzrə keçiriləcək Ümumdünya konqresindən fəxri dəvət məktubu almışdır. Konqres “Yoluxucu xəstəliklərin qarşısının alınması və müalicəsi üçün yeni texnologiyalar və innovasiyalar” mövzusunda keçiriləcək. Tədbirdə 13 bölmə üzrə 97 seksiya fəaliyyət göstərəcək. Tədbirin məqsədi yoluxucu xəstəliklər və EBOLA virusu üzrə aparılan tədqiqatlarla bağlı elmi yenilikləri öyrənmək və bu məlumatları mütəxəssislərlə bölüşmək, birgə müzakirələr aparmaqdır. Konqresin təşkilatçısı Jennifer Ojedadan Azərbaycanlı alimə “Bitki xəstəliklərinin modelləşdirilməsi və parametrlərinin qiymətləndirilməsi” bölümü üzrə məruzə etmək üçün müraciət olunmuşdur.

Qeyd edək ki, Azərbaycanda bitki xəstəliklərinin öyrənilməsi üzrə tədqiqatlara Botanika İnstitutunda akademik Cəlal Əliyevin rəhbərliyi altında 2005-ci ildən başlanılıb və qısa müddətdə böyük uğurlar əldə olunub. Alınmış nəticələr bir çox nüfuzlu nəşrlərdə öz əksini tapıb, beynəlxalq konfrans və konqreslərdə təqdim olunub, 2011, 2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihələri və BMT-nin Regionlararası Cinayət və Ədliyyə Tədqiqat İnstitutunun (UNİCRİ) ”Cənubi Qafqazda və Mərkəzi Asiya ölkələrində Biomüdafiə və Biotəhlükəsizlik imkanlarının gücləndirilməsi” proqramı çərçivəsində “Azərbaycana idxal olunan kənd təsərrüfatı bitkilərinin, toxumların müxtəlif xəstəliklərinin və genetik modifikasiya olunmuş məhsulların molekulyar diaqnostikası”mövzusunda layihəsi qalib gəlib. Bu istiqamət üzrə magistr və fəlsəfə doktoru dissertasiyaları müdafiə olunub.

<i>© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.</i>