www.science.az
25.04.2015 00:00

Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında “Azərbaycanlıların soyqırımı” bölməsinin açılışı olub

Aprelin 24-də AMEA Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında “Azərbaycanlıların soyqırımı” bölməsinin açılışı olub.

AMEA prezidenti, akademik Akif Əlizadə bu ekspozisiyanın mühüm tarixi əhəmiyyət daşıdığını və azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasında və təbliğində böyük rol oynadığını söyləyib. Bildirilib ki, ekspozisiyada nümayiş olunan fotostendlər və sənədlərdə XX əsrdə ermənilər tərəfindən azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi tarixi faktlarla diqqətə çatdırılır.

Muzeyin Sərgilərin təşkili və xarici əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov soyqırım və ekspozisiyada nümayiş olunan materiallar barədə məlumat verib. Bildirilib ki, tarix boyu erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror və soyqırımı aktları törədilib. Çoxsaylı tarixi sənədlər sübut edir ki, erməni separatçıları yüz minlərlə azərbaycanlını öz tarixi ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qoyaraq kütləvi surətdə qətlə yetirib, zaman-zaman öz ata-baba torpaqlarından deportasiya ediblər.

<i>© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.</i>