Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Bakı Elm Festivalında iştirak edən istedadlı uşaq və yeniyetmə rəssamlar mükafatlandırılıb
16.04.2015 00:00
  • A-
  • A
  • A+

Bakı Elm Festivalında iştirak edən istedadlı uşaq və yeniyetmə rəssamlar mükafatlandırılıb

Aprelin 17-də AMEA Rəyasət Heyətində akademiyanın təşkilatçılığı ilə keçirilmiş Bakı Elm Festivalında iştirak edən istedadlı uşaq və yeniyetmə rəssamların mükafatlandırma mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA Rəyasət Heyəti Aparatı Elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov AMEA-nın təşkilatçılığı, AR Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Dövlət Neft Şirkəti və Bakı şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycanda ilk dəfə keçirilmiş Bakı Elm Festivalının ölkəmiz və elmimiz üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Qeyd edib ki, festival çərçivəsində elmin təbliği və populyarlaşdırılması, cəmiyyətdə elmə marağın artırılması, yeni texnologiyaların və innovasiyaların nümayişi, elmin dövlət və sənaye sektorları ilə təmasının gücləndirilməsi məqsədilə müxtəlif tədbirlər keçirilib. Belə tədbirlərdən biri də “İnkişaf və Dünya” İctimai Birliyinin dəstəyi ilə istedadlı uşaq və yeniyetmə rəssamlar üçün təşkil olunmuş yaradıcılıq sərgisi olub. Həmin tədbirdə müxtəlif janrlarda çəkilmiş əsərlər nümayiş etdirilib.

Sonra çıxış edən “İnkişaf və Dünya” İctimai Birliyinin sədri Namazəli Mustafayev rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Bildirib ki, hər il birlik bir sıra təşəbbüslər həyata keçirir, o cümlədən gənc rəssamların sərgilərini təşkil edir. Onların yaradıcılıq qabiliyyətinin nümayiş etdirilməsində, istedadlarının üzə çıxarılmasında və həvəsləndirilməsində yaxından iştirak edir. N.Mustafayev qeyd edib ki, ictimai birlik istedadlı uşaq və yeniyetmə rəssamların Azərbaycan xalq nağıllarına həsr olunmuş silsilə rəsmləri toplusunun əsasında ingilis dilində kitab nəşr etdirmək niyyətindədir.

Sonda festivalın rəsm sərgisində fəal iştirakına görə Bakı şəhər 6 saylı orta məktəbin 6-cı sinif şagirdi Cəbrayıl Əliyev, Bakı şəhər 47 saylı orta məktəbin 10-cu sinif şagirdi Nərgiz Bayramova, Z.Əliyeva adına liseyin 7-ci sinf şagirdləri Çingiz Rəcəbli və Pərvin Musatafayeva, Bakı şəhər 125 saylı orta məktəbin 7-ci sinif şagirdi Rüvail Muradlı və Bakı Avropa Liseyinin 3-cü sinif şagirdi Tamerlan Ağayevə sertifikat və qiymətli hədiyyələr təqdim olunub.

Bakı Elm Festivalında fəal iştirakına, Azərbaycan xalq mahnılarının təbliğində yaradıcılıq və təşkilatçılıq işinə görə “İnkişaf və Dünya” İctimai Birliyinin sədri Namazəli Mustafayev də mükafatlandırılıb.

Sertifikat və hədiyyələri mükafatçılara AMEA prezidenti, akademik Akif Əlizadə adından Elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: