Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.04.2015 00:00
  • A-
  • A
  • A+

“İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfrans öz işinə başladı

“İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfrans öz işinə başladı

Aprelin 16-da AMEA, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfrans öz işinə başladı.

AMEA-nın Əsas binasında baş tutan tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, din xadimləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, alimlər, KİV təmsilçiləri iştirak edirlər.

Beynəlxalq konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Rusiya, İran, Fransa, Almaniya, Səudiyyə Ərəbistanı, Livan, Mərakeş, İsveç, Finlandiya, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan nümayəndələrin iştirak etdiyi tədbirin əhəmiyyətindən söz açdı. Azərbaycanda müxtəlif dinlərə sitayiş edən insanların yaşadığını və onlar üçün lazımi şəraitin yaradıldığını söyləyən AMEA prezidenti İslam dini ilə bağlı dəyərlərin Azərbaycan xalqının da milli-mənəvi dəyərlər sisteminin mühüm hissəsini təşkil etdiyini bildirdi. Qeyd etdi ki, mədəniyyətimizin tarixi keçmişi və bu günü həmin dəyərlərlə bilavasitə bağlıdır. Bu dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindəndir. İslam dininin tolerant yanaşmalarının nəticəsidir ki, ölkəmiz müxtəlif millətlərin və dinlərin sülh şəraitində birgə yaşayışına nümunədir. Hazırki mərhələdə ümumbəşəri ideyalarla səsləşən İslam dini ilə bağlı dəyərlərin, həmçinin ölkədə bərqərar edilən milli və dini tolerantlıq mühitinin qorunması və inkişafı dövlətimizin qarşısında duran başlıca vəzifələrdən hesab olunur. Bütün bunlara görə də, “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfransın keçirilməsi ictimai-siyasi cəhətdən olduğu kimi, elmi-nəzəri baxımdan da təqdirəlayiqdir.

Sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev ölkə Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına məktubunu səsləndirdi.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Küveytin Vəqflər və islam məsələləri üzrə nazirinin bilinci müavini Adel əl-Falah, 2004-cü ildən İslam məsələləri və vəqflər üzrə nazirlərin konfransının baş katibi, Səudiyyə Ərəbistanı Krallığının İslam məsələləri və diplomatiya üzrə nazirinin müşaviri Məcid Əbdel Əziz əl-Turki, Avrasiya, xüsusilə də Cənubi Qafqaz, Türkiyə və Mərkəzi Asiya siyasəti və təhlükəsizliyi sahəsində ixtisaslaşmış İsveç alimi, Stokholmda yerləşən Təhlükəsizlik siyasəti və inkişaf İnstitutunun təsisçilərindən biri və direktoru Svante Kornel və Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti Baxrom Abduxalimov tədbirin keçirilməsinin əsas məqsədinin bütün dünyaya dinlə elmin vəhdətinin vacibliyini bəyan etmək olduğunu bildirdilər, konfransın işinə uğurlar arzuladılar.

Plenar iclasdan sonra konfrans öz işini üç bölmə üzrə davam etdirdi.

“Qloballaşan dünyada islam maarifçiliyinin əhəmiyyəti”, “Multikulturalizm, dinlərarası dialoq və tolerantlıq mühitinin beynəlxalq əhəmiyyəti və Azərbaycanın bu prosesdə rolu”, “Dünya dinləri terrorizm, ekstremizm, separatizm və ksenofobiya təzahürlərinə qarşı” bölmələri üzrə Azərbaycan, rus, ingilis və ərəb dillərində məruzələr dinləniləcək.

Yekun iclasdan sonra konfrans iştirakçılarının Bəyannaməsi dinlənildi.

Konfrans aprelin 17-də başa çatacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: