www.science.az
16.04.2015 00:00

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda beynəlxalq laboratoriya yaradılıb

AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu (KQKİ) və İspaniya Krallığının Donostia Beynəlxalq Fizika Mərkəzi (DBFM) yeni materialların nəzəri proqnozlaşdırılması, dizaynı, alınması, xarakterizə olunması və tətbiqi imkanlarının öyrənilməsi istiqamətində elmi əməkdaşlıq edir.

DBFM və KQKİ birgə tədqiqat fəaliyyəti yüksək texnologiyalar, xüsusən spintronika və kvant kompütinq üçün yeni Topoloji İzolyatorların axtarışı, onların dizaynının elmi əsaslarının yaradılması, xassələrinin nəzəri və təcrübi tədqiqi və tətbiq imkanlarının öyrənilməsinə həsr ediləcək. Materialların fiziki xassələrinin, xüsusilə elektron quruluşlarının tədqiqi, mümkün tətbiq sahələri və imkanları DBFM-in koordinatorluğu ilə digər beynəlxalq laboratoriyalarla da araşdırılması nəzərdə tutulur.

DBFM və KQKİ yüksək texnologiyalar, xüsusən spintronika və kvant kompütinq üçün yeni funksional materialların dizaynı, xassələrinin tədqiqi, mümkün tətbiq sahələri və imkanlarının müəyyən edilməsi istiqamətində araşdırmalarını davam etdirir və buna görə də ağır metalların mürəkkəb xalkogenidləri əsasında yeni materialların dizaynı və xarakterizə olunması istiqamətində birgə elmi-tədqiqat işləri aparmaqda maraqlıdırlar.

Bununla əlaqədar, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti beynəlxalq laboratoriyanın yaradılmasının vacibliyini nəzərə alaraq bir sıra qərarlar qəbul edib. Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və Donostia Beynəlxalq Fizika Mərkəsi arasında “Kvant Kompütinq və Spintronika üçün Qabaqcıl Materiallar” beynəlxalq laboratoriyası yaradılması təklif olunub. Laboratoriyanın yaradılmasından irəli gələn təşkilati, texniki və maliyə məsələlərinin həlli KQKİ-yə tapşırılıb.

Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyevə həvalə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.