Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Görkəmli azərbaycanlı hüquqşünas, akademik Cahangir Kərimov vəfat edib
02.03.2015 00:00
  • A-
  • A
  • A+

Görkəmli azərbaycanlı hüquqşünas, akademik Cahangir Kərimov vəfat edib

Görkəmli hüquqşünas-alim, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, AMEA-nın (1967-ci ildən), Serbiya Elmlər və İncəsənət Akademiyasının, Finlandiya Elmlər və Ədəbiyyat Akademiyasının, Çernoqoriya Elmlər və İncəsənət Akademiyasının, Rusiya İctimai Elmlər Akademiyasının, Beynəlxalq İnformasiya Prosesləri və Texnologiyaları Akademiyasının, Rusiya Federasiyasının Siyasi Elmlər Akademiyasının, Beynəlxalq İnformatizasiya Akademiyasının akademiki Cahangir Kərimov fevralın 22-də ömrünün 92-ci ilində vəfat edib.

Cahangir Kərimov 1923-cü il iyulun 18-də Bakı şəhərində anadan olmuşdur. 1942-ci ildə Bakı Zenit artilleriyası hərbi məktəbini bitirən C.Kərimov Zaqafqaziya cəbhəsinə göndərilmiş və Böyük Vətən müharibəsinin fəal iştirakçısı olmuşdur. 1946-cı ildə Ümumittifaq Qiyabi Hüquq İnstitutunun Bakı filialını bitirdikdən sonra taleyini elmlə bağlamış və elmi fəaliyyətini Moskvada davam etdirmişdir.

1950-ci ildə namizədlik, 1961-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1962-ci ildə professor elmi adını almış, 1966-cı ildə SSRİ EA-nın müxbir üzvü, 1967-ci ildə Azərbaycan EA-nın akademiki seçilmişdir, 1980-ci ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuşdur.

1951-57-ci illərdə M.İ.Kalinin adına Leninqrad Hüquqşünaslıq İnstitutunun, Leninqrad Universitetinin dövlət hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri, 1957-59-cu illərdə Alman Dövlət və Hüquq Elmləri Akademiyasının və Berlin Universitetinin (ADR) professoru, 1952-65-ci illərdə Leninqrad Dövlət Universitetində kafedra müdiri və 1965-68-ci illərdə prorektor, 1969-71-ci illərdə Sov. İKP MK yanında Marksizm-Leninizm İnstitutunda baş elmi işçi vəzifələrində çalışmışdır.

Beynəlxalq Hüquq və Sosial Fəlsəfə Cəmiyyətinin vitse-prezidenti, SSRİ EA fəlsəfə və hüquq bölməsi bürosunun üzvü, Sovet Siyasi Elmlər Cəmiyyətinin vitse-prezidenti olmuşdur. Əsas əsərləri hüquq elminin fəlsəfəsi və sosioloji problemlərinə, dövlət və hüquq nəzəriyyəsi və qanunvericilik texnikası, sosial tədqiqatlarda kibernetikanın tətbiqi, sosial idarəetmə və planlaşdırma məsələlərinə həsr olunmuşdur. Yüksək ixtisaslı kadrlar hazırlanmasında xidmətləri vardır.

“Xalqlar dostluğu”, “Şərəf Nişanı”, “Vətən qarşısında xidmətlərə görə” (ADR) ordenləri ilə, habelə SSRİ, ADR və Çexoslovakiyanın medalları ilə təltif olunmuşdur.

800-ə yaxın elmi məqalənin, 40-dan çox monoqrafiyanın müəllifidir. Bir çox elmi əsərləri ingilis, fransız, alman, çex, ispan, xorvat, polyak, macar, fin, və s. xarici dillərə tərcümə olunmuşdur.

Rusiyanın paytaxtı Moskva şəhərində keçirilmiş akademiklə vida mərasimində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin, Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri, Rusiyanın görkəmli elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: