www.science.az
27.02.2015 00:00

AMEA İnsan Hüquqları İnstitutunun əməkdaşı Avstriyada keçirilmiş tədbirdə iştirak edib

AMEA İnsan Hüquqları İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aqil Vəliyev 16-20 fevral 2015-ci il tarixlərində Avstriyanın Vyana şəhərində Avropa İttifaqının “Horizon- 2020” proqramı üzrə həyata keçirilən İnconet layihəsi çərçivəsində “Tədqiqat və innovasiya siyasəti” mövzusunda təşkil olunmuş seminarda iştirak edib.

Seminarın əsas məqsədi Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrində elm, texnologiya və innovasiya siyasəti ilə bağlı məsələlərin müzakirəsi idi.

Tədbirdə Azərbaycanla yanaşı, Belarus, Moldova, Ukrayna, Gürcüstanın elm və texnologiyalar sahəsində müxtəlif qurumlarının nümayəndələri iştirak ediblər.

Seminarda hər ölkə nümayəndəsi elm və innovasiya sahəsində öz təcrübələri barədə məlumat verib.

Tədbirdə “Elm və texnologiyaların innovasiya siyasəti”, “Texnoloji transfer üçün siyasi alətlər”, “Elm, texnologiyalar və innovasiya sahələrində beynəlxalq əməkdaşlıq”, “İnnovasiyaya dəstək alətləri və proqramlar” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Seminar çərçivəsində Avstriyanın Elm, Tədqiqat və İqtisadiyyat Federal Nazirliyinə və Nəqliyyat, İnnovasiya və Texnologiya Federal Nazirliyinə səfərlər təşkil edilib. Avstriyanın elm, texnologiya və innovasiya sahəsində iştirak etdikləri beynəlxalq proqramlar barədə məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.