www.science.az
27.02.2015 00:00

“Əlilliyi olan uşaqların inklüziv və fərdi təhsili haqqında qanunvericilik sənədlər toplusu”nun təqdimatı keçirildi

Fevralın 27-də AMEA İnsan Hüquqları İnstitutunda “Əlilliyi olan uşaqların inklüziv və fərdi təhsili haqqında qanunvericilik sənədlər toplusu” adlı kitabın təqdimat mərasimi keçirildi.

Mərasimdə Milli Məclisin deputatları, müxtəlif qurumların nümayəndələri, alimlər və tədqiqatçılar, KİV-in təmsilçiləri iştirak edirdilər.

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini Lalə Əhmədova kitabın məziyyətindən, aktual məsələyə həsr olunmasından söz açdı. Bildirdi ki, kitab “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi tərəfindən Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Əlil uşaqların xüsusi məktəb və siniflərdə, evdə fərdi təhsilinin keyfiyyətinə ictimai nəzarət” adlı layihə çərçivəsində nəşr edilib.

L.Əhmədova təqdim olunan dəyərli nəşrin əlil uşaqların inklüziv təhsili sahəsində mövcud problemlərinin aradan qaldırılması, onların hüquqlarının qorunması, əlil uşaqların cəmiyyətə inteqrasiya olunması istiqamətində görüləcək işlərə mühüm təkan verəcəyinə əminliyini ifadə etdi. Qeyd etdi ki, kitabın elmi redaktoru İnsan Hüquqları İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayevadır.

Sonra çıxış edən kitabın tərtibatçısı, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri, “Əlillər Dünyası” qəzetinin təsisçisi və baş redaktoru Tahir Xudiyev nəşrin əlil uşaqların inklüziv təhsili sahəsində həyata keçirilən dövlət siyasətinə dəstək məqsədi daşıdığını və onların hüquqlarının qorunması üçün zəmanət yaratdığını bildirdi.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadı Rəcəbli ölkəmizdə əlilliyi olan insanlara yönəlmiş dövlət siyasətindən, görülən işlərdən danışdı. Bildirdi ki, respublikamızda əlillərlə bağlı dövlət siyasəti ilbəil güclənir, onların hərtərəfli təminatı və rifah halının yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirilir.

Ölkəmizdə “Sosial xidmət haqqında” qanunun qəbul edildiyini söyləyən H.Rəcəbli belə bir qanunun hazırlanmasının sosial sifarişlə yanaşı, ölkəmizin dünyaya inteqrasiyasından irəli gəldiyini qeyd etdi. Bildirdi ki, qanunun qəbulunda məqsəd sosial xidmət sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən etmək, bu sahədə yaranan münasibətləri tənzimləməkdir. Hadı Rəcəbli bildirdi ki, Azərbaycanda 530 min nəfər əlilliyi olan şəxs var. Onlardan 63 min nəfərini məhz uşaqlar təşkil edir.

Tədbirdə çıxış edən “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-nin sədr müavini Nazir Hüseynov və başqaları fiziki və mental cəhətdən məhdudiyyəti olan uşaqların təhsil hüquqlarının müdafiəsinin həm də insan hüquqlarının həyata keçirilməsi uğrunda aparılan qlobal mübarizənin tərkib hissəsi olduğunu bildirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.