Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“XX əsrin faciəsi - Xocalı” mövzusunda anım tədbiri keçirilib
24.02.2015 00:00
  • A-
  • A
  • A+

“XX əsrin faciəsi - Xocalı” mövzusunda anım tədbiri keçirilib

Fevralın 24-də AMEA Hüseyn Cavidin Ev Muzeyində Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar “XX əsrin faciəsi - Xocalı” mövzusunda anım tədbiri keçirildi.

Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirilən qətliamın bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu bildirdi, beynəlxalq ictimaiyyətin Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməsinin vacibliyini vurğuladı. Bildirdi ki, bu soyqırımı nəticəsində Xocalının dinc sakinləri xüsusi qəddarlıqla qətlə yetirilmiş, əsir götürülənlərə amansız işgəncələr verilmişdir.

Muzeyin direktoru Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Xocalıya ədalət!” Beynəlxalq təbliğat-təşviqat kampaniyasının dünyanın 50-dən çox ölkəsində uğurla həyata keçirildiyini vurğuladı.

G.Babaxanlı bildirdi ki, muzey də öz növbəsində dövlətimizin bu aksiyasına dəstək olaraq Xocalı faciəsinin unudulmaması məqsədilə bir sıra işlər görür, sərgilər təşkil edir.

Tədbirdə çıxış edən muzey əməkdaşları erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə Xocalıda törətdikləri misli görünməmiş vəhşiliklərin ağır nəticələrini konkret faktlarla danışdılar, bu qətliamın bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli soyqırımı, qanlı cinayət olduğunu bildirdilər.

Tədbir çərçivəsində muzeyin ekspozisiyasında hazırlanmış, Xocalı faciəsini əks etdirən foto-sərgi nümayiş etdirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: