www.science.az
24.02.2015 00:00

Azərbaycan “Onlayn Dünya Florası”nın növbəti beynəlxalq müşavirəsində rəsmi üzv kimi iştirak edib

“Onlayn Dünya Florası"nın Missuri Botanika Bağı (ABŞ) tərəfindən Cenevrə şəhərində (İsveçrə) təşkil olunmuş növbəti beynəlxalq müşavirədə Azərbaycan ilk dəfə olaraq üzv kimi iştirak edib. Tədbirdə ölkəmizi AMEA Botanika İnstitutunun doktorantı, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aida Dadaşova təmsil edib.

Seminarın əsas məqsədi BMT-nin Biomüxtəliflik Konvensiyasının (CBD) Bitkilərin Qorunmasının Qlobal Strategiyası Hədəf 1 (GSPC Target 1) “Məlum bitki növlərinin elektron floritstik siyahısı” üzrə dünya florasının məlum bitki növlərinin siyahılarının tərtib edilməsinin, nəşr olunmuş və olunacaq dünya floralarının onlayn elektron nüsxələrinin kütləvi istifadəyə verilməsinin müzakirəsi idi.

Qeyd edək ki, “Onlayn Dünya Florası” çərçivəsində 25-dən çox ölkə əməkdaşlıq edir. Dünya florasının ümumi məlum siyahısının tərtibi ictimai, ekoloji və iqtisadi problemlərin həll olunması ilə yanaşı, itmə təhlükəsi altında olan bitki növlərinin mühafizə edilməsi baxımından çox aktualdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.