www.science.az
18.02.2015 00:00

AMEA müxbir üzvü Namiq Cəlilovun 60 yaşı tamam olur

Bu gün kosmik plazma fizikası sahəsində tanınmış alim, AMEA Şamaxı Astrofizika Rəsədxanasının Günəş fizikası şöbəsinin müdiri, AMEA müxbir üzvü Namiq Cəlilovun 60 yaşı tamam olur.

Namiq Cəlilov 1955-ci il fevralın 18-də Naxcıvan Muxtar Respublikasında anadan olmuşdur. 1983-2004-cü illərdə Rusiya və Almaniyanın məşhur elm ocaqlarında (Yer maqnetizmi, İonosfer və Radio dalğaların yayılması İnstitutu (Moskva) və Potsdam Astrofizika İnstitutu) çalışmış, nəzəriyyəçi alim kimi yetişmişdir.

Elmi fəaliyyətə Günəş fizikasının aktual sahəsi olan helioseysmologiyanın nəzəri problemləri ilə başlayan alim fundamental nəticələrə nail olmuşdur. O, rəqslərin radiativ udulmasını nəzərə alaraq Günəşin akustik pulsasiyasının spektrini hesablamışdır. Həmçinin Rusiya, Kanada və İspaniyadan olan alimlərlə birlikdə o neytrino fizikası sahəsində mühüm layihələrin müəllifidir.

İlk dəfə N.Cəlilov tərəfindən (Rusiya və Almaniya alimləri ilə birlikdə) Günəşin diferensial fırlanması ilə bağlı olan burulğanlı qlobal rəqslərin nəzəriyyəsi irəli sürülmüşdür.

 

107 elmi məqalənin müəllifidir. Alınmış mühüm nəticələri (90 elmi iş) Rusiya, Avropa və Amerikanın məşhur reytinqli elmi jurnallarında dərc olunmuşdur. NASA/ADS və Google/Scholar statistikasına müvafiq olaraq N.S.Cəlilovun elmi əsərlərinə dünya elmi ədəbiyyatında olan istinadların sayı 1000-ə yaxındır.

N.Cəlilovun əldə etdiyi nəticələr iki dəfə - 2002-ci və 2004-cü illərdə dünyada astrofizika üzrə alınmış ilin ən mühüm nəticələri sırasına daxil edilmişdir. Onun məşhur astrofizik J.Ştaude (Almaniya) ilə birgə yazdıqları “Günəşin qlobal rəqsləri” adlı monoqrafiyası elmi ictimayətdə geniş rezonansa səbəb olmuşdur. Onun rəhbərliyi ilə Moskvada bir namizədlik dissertasiyası müdafiə edilmiş və dörd doktorant dissertasiya işi üzərində isə iş aparılır.

Alim elm üzrə bir sıra fundamental beynəlxalq qrantların rəhbəri və iştirakçısı olmuşdur. Onun səyi nəticəsində AMEA Şamaxı Astrofizika Rəsədxanası Avropa Birliyinin FP7 proqramı üzrə keçirilmiş 4 illik (2012-2015) birgə Qrant layihəsinin qalibi olmuşdur.

Elmi fəaliyyətlə yanaşı, N.Cəlilov pedaqoji fəaliyyətlə də məşğul olmuşdur (BDU, fizika fakültəsi). O, Beynəlxalq Avro-Asiya Astronomiya Cəmiyyətinin üzvüdür.

Astrofizika sahəsində görkəmli alimi 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona uzun ömür, möhkəm can sağlığı, elmimizin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.