www.science.az
17.02.2015 00:00

AMEA Mərkəzi Elmi Kitabxanasında QİÇS və Hepatit C Virusu ilə bağlı maarifləndirmə tədbiri keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) QİÇS və Hepatit C Virusu (HCV) ilə bağlı maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə AR Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Natiq Zülfüqarov XX əsrdə bəşəriyyətin qarşılaşdığı bu xəstəliklərin tarixindən, müalicə və mübarizə üsullarından danışıb.

Bildirib ki, İnsanın İmmunçatışmazlığı virusu və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (İİV/QİÇS) insanla doğulan yox, onun sonrakı fəaliyyəti nəticəsində qazanılan xəstəlikdir. Narkomaniya, qeyri-sağlam həyat tərzi, antisanitariya, natəmizlik QİÇS-in yaranmasında və yayılmasında mühüm rol oynayır. Ölkəmizdə bu virusun daşıyıcısı ilk dəfə 1987-ci ildə aşkarlanıb. Azərbaycanda virus yayılma sürəti digər ölkələrlə müqayisədə aşağıdır. Sözügedən xəstəlik əsasən risk qrupları - inyeksion narkoman, seks-bizneslə məşğul olanlar, homoseksuallar arasında yayılıb.

N.Zülfüqarov qeyd edib ki, QİÇS mərhələsinə keçən xəstələrin sayını azaltmaq, ana və uşağın İİV-ə yoluxmasını sıfıra endirmək, İİV-li insanlara qarşı diskriminasiya hissini yox etmək hazırda qarşıya qoyulan əsas məqsədlərdəndir. QİÇS mərhələsinə keçən xəstələrin sayını azaltmaq üçün belə xəstələrin hamısını müalicəyə cəlb etmək lazımdır. İİV-ə yoluxan bütün xəstələrin dərmanları dövlət tərəfindən pulsuz verilməsinə baxmayaraq, bəzi xəstələr bu müalicədən yayınırlar.

Mərkəz rəsmisinin sözlərinə görə, Azərbaycanda İİV/QİÇS-li xəstələrin müalicəsi üçün bahalı və daim aparılması tələb olunan antiretrovirus terapiyasına (ARV) cəlb olunanların sayı artıb. Bu terapiyanın çox həssas olduğunu xatırladan N.Zülfüqarov bildirib ki, əgər müalicə prosesində dərman xəstə tərəfindən bir ay ərzində iki dəfə vaxtında qəbul olunmasa effektivliyi azalır.

Sonra N.Zülfüqarov Respublika QİÇS-lə Mübarizə Mərkəzinin 2014-cü ilin yekunlarına görə Azərbaycanda İİV və QİÇS problemi ilə əlaqədar statistik məlumatları iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, ənənəvi olaraq əhali arasında mərkəzin əməkdaşlarının səyi ilə maarifləndirmə tədbirləri həyata keçirilir. Həmçinin bu xəstəliklərlə mübarizə üzrə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir.

Daha sonra Hepatit C Virusu (HCV) haqqında məlumat verən N.Zülfüqarov virusun bu günə qədər tapılmış altı hepatit virusdan biri olduğunu deyib. Bildirib ki, HCV bu virusların içərisində ən təhlükəlisi hesab edilir. Qan vasitəsilə yayılan virus qaraciyərdə və qanda aşkarlanır.

Sonda mərkəz rəsmisi MEK əməkdaşlarının qutuda təqdim edilən anonim suallarını cavablandırıb.

Tədbir iştirakçılarına İİV/QİÇS və HCV-nin profilaktikası, sağlam və təhlükəsiz həyat tərzi normaları barədə bukletlər paylanılıb.

Növbəti həftə mərkəzin həkimlərdən ibarət səyyar briqadası tərəfindən tibbi məsləhətlər vermək və əməkdaşları könüllü müayinə etmək məqsədilə birgünlük aksiyanın keçirilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.